Nicatın otağının pəncərəsi cənuba baxır. Qışda günortaüstü dərsə hazırlaşanda Günəş şüası pəncərədən onun gözünə düşür və ona mane olur. Yayda isə həmin saatlarda onun otağına Günəş şüası düşmür.
Yada salın. Yerin Günəş ətrafında hərəkəti nəticəsində fəsillər yaranır.
Yerin Günəş ətrafındakı hərəkət xəttinin – orbitinin uzunluğu təqribən 940 mln. km-dir. Bu məsafəni Yer kürəsi 29,8 km/san sürətlə 365 gün 5 saat 48 dəqiqə 46 saniyəyə tam başa vurur. Yerin xəyali oxu onun orbit müstəvisinə 66,5° bucaq altında meyillidir. Bu meyillilik fəsillərin, qütb gecə və gündüzlərinin yaranmasına, yayda gündüzün, qışda isə gecələrin uzunluğunun artmasına səbəb olur.
Yerin Günəşə tərəf meyilliliyi onun orbital hərəkətindən asılı olaraq dəyişir (c). 21 mart və 23 sentyabrda Yerin xəyali oxu Günəşə nisbətən perpendikulyar olur. Bu zaman Günəş şüalan günorta vaxtı ekvator xətti üzərində düzbucaq altında düşür. Bu, zenit vəziyyəti adlanır.