Müxtəlif informasiya vasitələrində tez-tez yadplanetlilər haqqında xəbərlər verilir. Lakin Günəş sisteminin digər planetlərində həyatın olmasına dair axtarışlar hələ də nəticəsiz qalır. Həyat üçün əlverişli şərait yalnız Yerdə mövcuddur. Bunun ilkin səbəbi Yer və Günəş arasında olan məsafənin münasib olmasıdır. Yerin Günəşdən olan məsafəsi planetdə əlverişli temperatur şəraiti yaradır. Nəticədə canlı aləmin mövcudluğu üçün ən vacib şərt olan su maye halında olur.
Yerdə həyatın mövcud olması üçün ikinci şərt Yerin ölçüləri və onun cazibə qüvvəsidir. Atmosferin Yer tərəfindən cəzb edilərək onu əhatə etməsi planetin mütənasib ölçüləri ilə əlaqədardır. Atmosfer isə canlı aləm üçün tənəffüs mənbəyi olmaqla yanaşı, Yeri onun səthinə düşə bilən meteoritlərdən də qoruyur.
Yerdə həyatın mövcud olmasına imkan verən digər şərt Yerin öz xəyali fırlanma oxu ətrafında dövretmə müddətidir. 24 saat ərzində Yerin Günəşə tərəf olan hissəsi müəyyən qədər qızır, əks tərəf isə soyuyur. Əgər sutkanın uzunluğu indikindən fərqli olsa idi, onda temperatur fərqlərinin kəskin dəyişməsi baş verərdi.