Yada salın. Günəş sistemi Günəş, planetlər (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun), peyklər, asteroid, komet və meteorlardan təşkil olunmuşdur.
Bütün səma cisimləri bir-biri ilə qarşılıqlı əlaqədədir. Ümumdünya cazibə qüvvəsinin təsiri nəticəsində səma cisimləri nizamlı şəkildə kainatda dövrə vurur. Kainatda 2 trilyonadək qalaktikanın olduğu bildirilir. Hər bir qalaktikada milyardlarla səma cismi vardır. Onlar özündən işıq və istilik saçan ulduzlardan və bu işığı əks etdirən digər obyektlərdən ibarətdir. Ulduzlar ölçü və parlaqlığına görə bir-birindən fərqlənir. Qədim zamanlardan ulduzlar bürclər şəklində də qruplaşdırılmışdır. Məsələn, Böyük Ayı, Kiçik Ayı, Oxatan, Şir və s. Kiçik Ayı bürcünün ən parlaq ulduzu daima Şimal qütbü üzərində müşahidə edilən Şimal Qütb ulduzudur (Polaris). Yerdən Şimal Qütb ulduzuna qədər olan məsafə 434 işıq ilidir. Günəş və planetlər illik hərəkət yolunda 12 bürcdən keçir.