Planda kiçik ərazilər böyük miqyasda verildiyinə görə, daha dəqiq təsvirdir. Planda meridian və parallel çəkilmir, relyef isə horizontallarla təsvir olunur.
Planaalma iki üsulla aparılır. Havadan planaalma orbital stansiyalar, kosmik peyklər, təyyarə və helikopterlərdən çəkilmiş şəkillər əsasında yerinə yetirilir. Bu üsuldan geniş ərazilərin, əlçatmaz obyektlərin planının çəkilməsində istifadə edilir.
Yerüstü planaalma Yer səthində aparılan ölçmə işləri ilə həyata keçirilir. Yerüstü planaalma sadə alətlərlə aparıldıqda gözəyarı planaalma adlanır.
Gözəyarı planaalma iki üsulla yerinə yetirilə bilər. Ətrafdakı obyektlərin aydın göründüyü kiçik və açıq ərazilərdə planaalma qütb üsulu ilə (a) həyata keçirilir. Bunun üçün ərazidə qütb nöqtəsi seçilir. Ətrafdakı obyektlər həmin nöqtədən planşetə köçürülür.
Qütb nöqtəsində menzula yerləşdirilir. Menzula üzərində yerləşdirilən xüsusi cihaz məhəldə görünən obyektlərə qədər olan məsafələri ölçməyə imkan verir. Obyektlər seçilən miqyasa uyğun olaraq kiçildilir və şərti işarələrlə qeyd edilir.
Yürüş və ekskursiyalarda marşrut planaalmasından istifadə (b) olunur. Bu üsul daha geniş, mürəkkəb relyefə malik ərazilərin planaalınması üçün əlverişlidir. Marşrut üsulu ilə planaalma zamanı menzula bir neçə nöqtədə qurulur və hər bir nöqtədən obyektlər plana köçürülür.