Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Onun dərəcə qiyməti 0-90° arasında dəyişir. Ekvatordan şimalda yerləşən məntəqələrin coğrafi enliyi şimal enliyi (şm.e.), cənubda yerləşən məntəqələrin enliyi isə cənub enliyi (c.e.) adlanır.
Bakı 40° şm.e.-də yerləşir.
Moskva 56° şm.e.-də yerləşir.
Ekvatorun coğrafi enliyi 0°-dir.
Coğrafi uzunluq – Qrinviç meridianı ilə verilən məntəqədən keçən meridian arasında qalan paralel qövsünün dərəcələrlə uzunluğudur. Dərəcə ilə qiyməti 0 – 180° arasında dəyişir. Verilən məntəqə Qrinviç meridianından qərbdə yerləşirsə, onun coğrafi uzunluğu qərb uzunluğu (q.u.), şərqdə yerləşirsə, şərq uzunluğu (ş.u.) adlanır.
Bakı 50° ş.u.-da yerləşir.
Moskva 38° ş.u.-da yerləşir. yerləşir.
Xəritə və qlobusda nöqtələrin coğrafi mövqeyini təyin etmək üçün dərəcə torundan istifadə edilir. Coğrafi enliyi təyin etmək üçün verilən məntəqədən keçən paraleli müəyyən etmək lazımdır. Adətən paralellər 10°-dən bir çəkilir və xəritənin kənarında onların dərəcələri yazılır. Bu halda məntəqənin dəqiq enliyini təyin etmək üçün xəritənin kənarındakı çərçivədə verilən dərəcələrdən istifadə etmək lazımdır.
Bəzən məntəqə xəritədə göstərilən paralellərin üzərinə düşmür. Məsələn, Moskva 50° və 60° şimal paralelləri arasında yerləşir. Bu paralellər arasındakı məsafə 5 bərabər hissəyə bölünüb. Hər bölgünün 2°-yə bərabər olduğunu nəzərə alaraq, Moskva şəhərinin 56°şm.e.-də yerləşdiyini müəyyən edə bilərik. Coğrafi uzunluğun təyin edilməsi də eyni üsulla, meridianlar arasındakı dərəcələrdən istifadə etməklə yerinə yetirilir.