Hakim: Biosfer iddia edir ki, bəşəriyyət meşələri qırır, ağacların kökünü çıxarır, orada yaşayan heyvanların nəslini məhv edir. İddiaçının əlavə dəlilləri varmı? Bəşəriyyət bu barədə nə deyə bilər?
Əvvəl Biosfer (uyğun iştirakçı) əlavə sübut və dəlillərini göstərir, sonra isə söz
bəşəriyyətin vəkilinə verilir
3-cü vəkil: Biz qidaya olan ehtiyaclarımızı ödəmək üçün heyvanları ovlamağa məcburuq. Evlərimizə mebel düzəltmək üçün ağacdan istifadə etməliyik. Bəs meşədə yaşayan yırtıcı heyvanlar insanlara nə qədər zərər vurur? Xahiş edirik, bu məsələyə baxılsın.
Hakim: Şahidlərdən kim çıxış etmək istəyir?
Şagirdlər öz fikirlərini bildirirlər.
Hakim: Litosferin şikayəti daha ağırdır. Onun iddiasına görə, bəşəriyyət faydalı qazıntı çıxarmaq məqsədi ilə yeri dəlik-deşik edir, yol çəkərkən, tunellər qazarkən dağları partladır. İddiaçının əlavə dəlilləri varmı? Bu iddialara nə cavab verəcəksiniz?
Litosferin (uyğun iştirakçının) əlavə sübut və dəlillərindən sonra söz bəşəriyyətin 4-cü
vəkilinə verilir.
4-cü vəkil: Faydalı qazıntı çıxarmasaq, mədənlər qazmasaq, avtomobilləri necə istehsal etmək olar? Qum, daş karxanaları olmadan binaları inşa etmək olarmı? Litosfer bizlərə azmı ziyan vurur? Zəlzələ, vulkan, sürüşmə, yarğan hadisələrindən biz də şikayətçiyik.
Hakim: Şahidlərdən kim əlavə etmək istəyir?
Digər şagirdlər fikirlərini söyləyirlər.
Hakim bəşəriyyətin iddiaçılara qarşı qaldırdığı şikayətlərlə bağlı onlara söz verir.
Atmosfer: Mən olmasam, insanlar 5–10 dəqiqəyə məhv olarlar. İldırım, tufan və fırtınaları, isti və soyuğu insanlara yağıntı vermək üçün törədirəm. Yağıntı olmasa, şirin su olmaz və insanların həyatı məhv olar. İnsanlar zavod və fabriklərin bacalarına təmizləyici qurğular qoymaqla mənə az zərər verərlər.
Hidrosfer: Mən olmasam, canlı aləm 4–5 gündən sonra yox olar. Onlar mənə zərər verməyə bilərlər. Bunun üçün təmizləyici qurğular kifayətdir. İnsanlar məndən daha çox istifadə edə bilərlər. Mən onlara enerji verirəm, istirahət etmələri üçün çimərliklər yaradıram.
Biosfer: Bitkilər olmadan insanlar nə qədər yaşaya bilər? Onlar vəhşi heyvanları ovlamadan, qida məqsədi üçün özləri də ev heyvanlarını saxlayıb artıra bilərlər. Bitkilərə yaxşı qulluq etmək və onları çoxaltmaqla qida əldə edə bilərlər.
Litosfer: İnsanlar mənim üzərimdə əkin əkir, gəzir. Onlar mənim sayəmdə həyatlarını daha da firavan qura bilərlər.
Hakim iclası yekunlaşdırmaq üçün əlavə fikirləri olanları dinləyir və qərar verir.
Təbiətin hakimliyi ilə keçirilən məhkəmədə iddiaçılar – Atmosfer, Biosfer, Hidrosfer və
Litosferin şikayətlərinə baxılaraq qərara alındı:
Q Ə R A R
İddiaçıların şikayətlərinə əsasən bəşəriyyət təcili olaraq vurulan ziyanın qarşısını almaq üçün tədbirlər planı hazırlamalıdır. Bəşəriyyət normal yaşamaq və fəaliyyət göstərmək üçün iddiaçılarla sıx əməkdaşlıq etməlidir.
Tədbirlər planının hazırlanması ev tapşırığı kimi verilir.