Buna Azərbaycanın transqafqaz mövqeyi imkan verir. Ölkənin tranzit mövqeyi iqtisadiyyatının digər sahələrinin də sürətli inkişafına təsir edən amillərdən biridir. Respublikamızda neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına xüsusi diqqət yetirilir. Xüsusilə turizm, kənd təsərrüfatı və digər yeni qeyri-neft sənaye sahələri yaradılmışdır.
Müəssisələrin artması ölkədə insanların məşğulluq səviyyəsinin – iş yerlərinin də sayının artmasını göstərir. İş yerləri dövlət və özəl olmaqla iki qrupa ayrılır. Müstəqillikdən əvvəl az sayda qeyri-dövlət müəssisələri var idi.
Hazırda özəl müəssisələr və orada işləyənlərin sayı üstünlük təşkil edir. Dövlət müəssisələri dövlət hesabına maliyyələşdirilir. Qeyri-dövlət müəssisələri əsasən sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Sahibkarlar hər hansı fəaliyyət növü üzrə müəssisələr yaradan və ona rəhbərlik edən şəxslərdir. Onlar vəsaitləri hesabına yeni iş yerləri açır və iqtisadiyyatı inkişaf etdirirlər.