Cədvəli çəkin. Verilən məsələlərin həllində ölkələrarası əməkdaşlığın mümkünlüyünü “+” və ya “–” işarələri ilə müəyyən edin.
Əməkdaşlıq sahələri | Mümkündür/Mümkün deyil |
Ticarət əlaqələri | |
Hər hansı məhsulun birgə istehsalı | |
Eyni pul vahidindən istifadə etmək | |
Eyni konstitusiyaya malik olmaq | |
Vətəndaşların sənədsiz gediş-gəlişi | |
Ölkələrin bir rəhbər tərəfindən idarə olunması | |
Eyni dövlət bayrağı, himn və gerb ilə təmsil olunmaq |
Yada salın. Azərbaycan Avropa və Asiya qitələrini birləşdirən Qafqaz regionunda yerləşir.
Müstəqilliyin əldə edilməsi Azərbaycan Respublikasına dünyanın ölkələri ilə geniş əməkdaşlıq etməsinə imkan yaratdı.
Ölkə ərazisinin Şərq və Qərb, eləcə də Şimal və Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini sürətləndirdi.
Əlverişli coğrafi mövqe ölkələrarası iqtisadi layihələrin həyata keçirilməsinə imkan verir. Bu da ölkələr arasında gömrük və viza rejimindəki məhdudiyyətlərin azaldılması ilə nəticələnir. İqtisadi əməkdaşlığın belə dərinləşməsi inteqrasiya adlanır. İnteqrasiyalar regional və sahəvi ola bilər. Hər hansı bir ərazidə yerləşən ölkələrin yaratdığı birliklər regional inteqrasiya (Avropa İttifaqı, Latın Amerikası Ölkələri Birliyi) adlanır. İqtisadiyyatın hər hansı sahəsi üzrə əməkdaşlıq məqsədilə yaradılan birliklər sahəvi inteqrasiya adlanır. Onlardan ən mühümü OPEK – neft ixrac edən ölkələrin birliyidir.
Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatların üzvüdür. Müstəqil dövlət kimi ölkənin 1991-ci ildə üzv olduğu ilk təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).