Təsəvvür edin ki, siz böyümüş, təhsil almış və dövlət başçısı seçilmisiniz. Dövlətinizi hansı üsulla idarə edərdiniz?
Ölkələr idarə edilməsinə görə fərqli olduğu kimi, inzibati ərazi quruluşuna görə də müxtəlifdir. İnzibati ərazi bölgüsü ölkənin idarə edilməsi üçün ayrılan ərazi vahidləridir. Bu xüsusiyyətinə görə dövlətlər unitar və federativ olur. Unitar (latın dilində – vahid, tək) dövlətlər vahid mərkəzdən idarə edilir. Belə ölkələrin tərkibindəki inzibati ərazi vahidləri – rayon, vilayət, mahal və s. adlandırıla bilər. Lakin bu inzibati vahidlər siyasi müstəqilliyə, yəni özünüidarə hüquqlarına malik deyil. Onların mədəni, iqtisadi idarəetmə hüquqları ola bilər. Azərbaycan, Türkiyə, İran, Fransa, Yaponiya, Misir, İtaliya, Çili və digər çoxsaylı belə dövlət vardır.
Azərbaycan Respublikasının ərazisi, digər ölkələrdə olduğu kimi, kiçik inzibati ərazilərə bölünmüşdür. İnzibati ərazi bölgüsü - yaşayış məntəqəsi və ona məxsus torpaqlardan təşkil olunur. Hazırda respublika ərazisində 66 inzibati rayon mövcuddur.
İnzibati ərazi bölgüsünün federativ forması (latın dilində ittifaq, birlik) müəyyən müstəqilliyə malik olan müstəqil ərazilərin könüllü olaraq bir dövlətdə birləşməsidir. Federativ ölkələrin sayı azdır. Ştat, respublika, torpaq və s. adlandırılan inzibati vahidlər müəyyən qədər siyasi özünüidarə hüquqlarına malikdir. Onlar xarici siyasət, ordu, pul və s. məsələlərin həllində birgə fəaliyyət göstərir. Ərazi vahidləri müxtəlif xüsusiyyətlərinə görə fərqlənir.