Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır. Yeni torpaqlar mənimsəmək, su mənbələrinə sahib olmaq məqsədi ilə ətraflara köç edən türk xalqları orada məskunlaşaraq yeni dövlətlər yaratmışdır. Karvan yolları üzərində yerləşməsi qədim türk dövlətlərinin inkişafına və onlar arasında əlaqələrin artmasına təkan vermişdir. Çoxəsrlik iqtisadi, mədəni əlaqələr türk birliyinin yaranmasına zəmin yaratmışdır. Bu birliyin tarixi kökləri “Böyük İpək yolu” ilə də əlaqədardır.
Hazırda Türk Dövlətləri Təşkilatına 5 əsas üzv dövlət - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikası, 2 müşahidəçi dövlət - Türkmənistan və Macarıstan daxildir. Türk dövlətləri müxtəlif sahələrdə birliklər yaratmışdır: TURKPA, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və s.
Bir çox türk xalqları digər ölkələrin (Rusiya, İran, Ukrayna və s.) ərazisində məskunlaşmışlar. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar.
2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətlərinin, xüsusilə Türkiyənin bütün sahələrdə ölkəmizə dəstəyi aydın göründü.
Paytaxtların hansı dövlətə aid olduğunu müəyyən edin.
Ankara Bakı Astana Bişkek Daşkənd Aşqabad