Azərbaycanın bitki örtüyü digər təbii komponentlər kimi hündürlük qurşaqlığına tabedir. Düzənlikdən dağlara qalxdıqca iqlim və relyef şəraitinin dəyişməsi bitkilərin də fərqliliyinə səbəb olur. Dağ meşələrində palıd, vələs və fıstıq kimi qiymətli ağac növləri yayılmışdır. Yarımsəhralarda yovşan, gəvən, dəvətikanı, dağ çöllərində isə ağ ot, qatırquyruğu və taxıl bitkiləri üstündür. Dağ çəmənləri üçün topalotu, qırtıc və s. bitkiləri səciyyəvidir. Heyvanlar aləmi bitki örtüyünə uyğun olaraq yayılmışdır. Respublikamızın ərazisində çoxlu sayda endemik və relikt bitkiləri vardır. Endemik bitkilər müəyyən ərazi üçün səciyyəvi olan bitkilərdir. Qarabağ dağ laləsi, Xəzər zəfəranı, Lənkəran zanbağı və s. endemik bitkilərə aiddir. Relikt bitkilər isə keçmiş dövrlərdə geniş yayılan və müasir dövrdə də rast gəlinən bitkilərdir. Belə bitkilərə dəmirağacı, Eldar şamı, qaraçöhrə, saqqızağacı, azat ağacı və s. göstərmək olar. Relikt bitkilər özləri də endemik ola bilər. Torpaq və bitki örtüyünü, heyvanlar aləmini qoruyub saxlamaq məqsədilə respublikamızda milli park, qoruq və yasaqlıqlar yaradılmışdır.
Torpaq tiplərinin yayıldığı əraziyə uyğun bitkiləri müəyyən edin.
Torpaqlar | Bitki örtüyü |
Dağ-çəmən torpaqları | |
Dağ-meşə torpaqları | |
Dağ-çöl torpaqları | |
Yarımsəhra torpaqlar |
Nadir və digər ərazilərdə rast gəlinməyən bitkilər __ adlanır. __ keçmiş dövrlərdən bu günə qədər qalan bitkilərdir .