Torpaq bitkiləri qidalandıraraq onlara həyat verir. Bitkilər də öz növbəsində heyvanlar və insanlar üçün mühüm qida mənbəyidir. Torpağın əmələ gəlməsi uzun sürən təbii prosesdir. Buna bir sıra təbii amillər təsir edir. Ona görə də torpağı “təbiətin güzgüsü” adlandırırlar.
Torpaqların müxtəlifliyi ilk növbədə ərazinin iqlim şəraitindən, relyefindən, süxurların tərkibindən, bitki örtüyündən və s. asılıdır.
Torpağın münbitliyini təmin edən çürüntü qatı – humusun miqdarı buradakı canlı orqanizm qalıqlarının tərkibindən asılıdır. Humusun miqdarı və müxtəlifliyi torpağın rənginə təsir edir. Torpaqların adları da məhz onların rəng çalarlarına görə verilmişdir.
Tərkibindəki süxur hissəciklərinin ölçüləri torpağın mexaniki tərkibini müəyyən edir.