Deyirlər, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yanaşaraq yaxından tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir:
– 36361144. Yaddaqalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki də nə 4.
– Bəli, yaddaqalandır.
– Xahiş edirəm, təkrar edin.
– 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusluğundan, orijinal təfəkkür tərzindən xəbər verir.
* * *
XX əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olmuşdur. İlkin təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skripkada çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə bir geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurmuş. Doğrudanmı, dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki, 17 yaşlı Albertin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altıballıq sistemlə ən yüksək qiymətə layiq görülüb. Gələcək dahinin cəmi bir “3”ü olub: fransız dilindən. Bununla belə, Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə, o cümlədən fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziyada təhsil alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub. Azad düşüncəli şagirdin avtoritar müəllimlərdən, hərbi qaydaları xatırladan davranış normalarından heç vaxt xoşu gəlməyib. Müəllimləri də Albertə eyni “məhəbbətlə” yanaşıblar. Bir dəfə hətta müəllimlərindən biri Eynşteynin üzünə demişdi ki, “sənin burda olmağın bütün məktəbin nüfuzuna xələl gətirir”.