Azərbaycan kitabçılıq tarixində də perqament xüsusi yer tutur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda VIII əsrdə kufi xətti ilə dəri üzərində yazılmış “Quran” surəsi müһafizə edilir. Təbriz kitabxanasında saxlanılan perqament kitablardan biri gözəl xətlə xanı balığı dərisində yazılmış “Quran” nüsxəsidir.
Məlum olduğu kimi, Çindən Avropaya gedən İpək yolu Azərbaycandan keçirdi. M.ö. II əsrdən başlayaraq Çindən gələn karvanlar hər il Azərbaycana minlərlə ton ipək parça gətirirdi. Azərbaycan xəttatlarının ən çox istifadə etdikləri yazı materiallarından biri də ipək parça idi. Müəlliflər və xəttatlar onların üstünü yazandan sonra ipək səhifələri üst-üstə yığıb cildçiyə verərdilər. Nizami Gəncəvinin əsərlərində oxuduğumuz bir çox misralar həmin dövrdə ipək parça üzərində tuşla yazının geniş yayıldığını göstərir:
“...Yazırdı ipəyə qara müşk ilə”;
“...Müşk ilə süslənmiş ipək məktubu üç yerindən öpüb açdı”;
“...İpək üzərində yazmaqdan katiblər yorğun düşdülər”;
“...Gözəl bir ipəyə bürünüb əsər”...
Bu sözlər isə M.F.Axundovun “Kəmalüddövlə məktubları”ndandır: “Xəttatlar ağ ipək üzərində yazmağı daһa çox xoşlayırdılar”.
Tarixi mənbələrdə deyildiyinə görə, Zülfüqar Şirvaninin (1190-1291) bir şeirindən təsirlənmiş Şirvanşah hökmdarının vəziri ona üç ton yarım ipək bağışlamışdı ki, bundan şairin əsərlərini kitab halına salmaq üçün istifadə olunmuşdu.
“Azərbaycanda nəşriyyat işi” kitabından
Mətnin yarımbaşlıqlarını məzmun ardıcıllığına görə sıralayın.
A) perqament B) gil və daş C) ipək D) papirus