Məsələn, Evklidin (M.ö. III əsr) 13 cilddən ibarət “Həndəsə” kitabı ilk dəfə qamış qələmlə zərif papirusda yazılıb dünya kitabxanalarının qiymətli sərvətinə çevrilmişdir. Homerin “İliada” və “Odisseya” əsərləri yazıldığı vaxtdan iki əsr sonra papirusa köçürülmüşdür.
Bu gün dünyanın bir sıra kitab xəzinələrində xeyli miqdarda yazılı papirus bürmələri saxlanılmaqdadır. Məsələn, Britaniya muzeyi kitabxanasında papirus üzərində yazılmış üç min nüsxə əlyazma saxlanılır.
Azərbaycanda da papirusdan XII əsrə qədər yazı materialı kimi istifadə olunmuşdur. “Lülələnmiş kağıza diz üstə inci axar” deyəndə Nizami papirusu nəzərdə tutmuşdur. Azərbaycanda və digər Şərq ölkələrində minlərlə müəllifin əsərləri papirus vasitəsilə yayılmışdır.
Göründüyü kimi, Azərbaycan, Şərq və ümumiyyətlə, dünya kitab mədəniyyətinin inkişafında papirus çox mühüm rol oynamışdır. Bir çox xalqlar, məsələn, almanlar indi də kağıza “papir”, fransızlar “papye”, ingilislər “peypə” deyirlər. “Papka” (qovluq) sözü də papirus sözündən əmələ gəlmişdir.
Qədim mənbələrdə deyildiyinə görə, Miladdan öncə III-II əsrlərdə dünyada iki kitabxana zənginliyinə görə bir-biri ilə rəqabət aparırdı. Onlardan biri məşhur İsgəndəriyyə kitabxanası, digəri isə Kiçik Asiyada yerləşən Perqam şəhərinin kitabxanası idi. Bunu görən misirlilər birinciliyi əldən verməmək üçün papirusun ölkədən ixracına qadağa qoydular. Belə olduqda Perqam şəhərinin hökmdarı Evmen yeni yazı materialı yaratmaq üçün dəri emalı üsulu icad etdi. Beləliklə, papirusla yanaşı, heyvan dərisi əsas yazı materiallarından birinə çevrildi. Sonradan bir çox dillərə daxil olan “perqament” sözü Perqam şəhərinin adından götürülüb. Hazırda “yazı üçün nəzərdə tutulmuş heyvan dərisi” mənasını verir.
Perqament düzəltmək üçün inək, qoyun, keçi, balıq, ceyran, bəbir dərisindən istifadə olunurdu. Bir yazı materialı kimi dəri papirusa nisbətən daha bahalı material idi və onun emalı daha çətin başa gəlir, çox vaxt tələb edir di. Lakin dəri daha uzunömürlü material idi. Ona görə də dəridən hətta kağız ixtira olunduqdan sonra da kitabçılıqda, xüsusən cildləmədə istifadə olunurdu.