Sonuncu Assuriya padşahı Aşşurbanipal yaxşı təhsil görmüş hökmdar idi. Onun əmrinə əsasən, mixi yazı ilə tərtib olunmuş çoxlu gil “kitablar” bir yerə toplandı. Aşşurbanipalın kitabxanası dünyada ilk kitabxana hesab olunur.
Piktoqramdan fərqli olaraq heroqliflərlə və mixi yazı vasitəsilə fikri daha dəqiq ifadə etmək olurdu.
***
Bu gün istifadə etdiyimiz yazı sistemi fonoqrafik (səsli) yazı növünə aiddir, çünki müasir yazıdakı işarələr – hərflər ayrı-ayrı səsləri ifadə edir.
Qədimdə Aralıq dənizinin sahillərində yaşayan finikiyalılar bir neçə ixtiraları ilə tarixin yaddaşında qalıblar. Onlardan biri də əlifbadır.
Finikiya tacirləri başqa şəhərlərə mal aparır, alış-veriş edirdilər. Çox vaxt onlar borc pul və ya nisyə mal verir və bu zaman həmin şəxslərlə sövdələşirdilər. Şifahi sövdələşmələr tez-tez pozulurdu. O vaxt mövcud olan yazı sistemləri isə müqavilə şərtlərini yazıda dəqiq əks etdirməyə imkan vermirdi. Beləliklə, tacirlər əlifba yaratmalı oldular. Finikiya əlifbası 22 samit səsi işarə edən hərflərdən ibarət idi.
Əvvəlki yazı sistemlərinə nisbətən əlifba daha tez və asan mənimsənilirdi. Odur ki bu yazı növü tez bir zamanda başqa xalqlar arasında da yayıldı və maarifin inkişafına güclü təsir göstərdi. Hər xalq öz dilinin səs sisteminə uyğun əlifba yaratdı.
Zaman keçdikcə Finikiya dili və əlifbası unuduldu, lakin sonradan bu əlifbanın əsasında yaradılmış yunan və latın əlifbalarından indiyə qədər istifadə olunur.
Rafiq Ələkbəroğlu
Söz və ifadələri müvafiq izahlarla uyğunlaşdırın.
Sözlər və ifadələr | İzahlar |
sivilizasiya | məlumatın rəsm və ya rəsm ardıcıllığı ilə verilməsi |
piktoqrafiya | həyatın yaranışı, təbiət hadisələri və s. ilə bağlı inancları əks etdirən əsatirlər toplusu |
mifologiya | hər bir danışıq səsinin hərf(lər)lə işarə edildiyi yazı növü |
sarkofaq | cəmiyyətin müəyyən mədəni və mənəvi dəyərlərə əsaslanan tarixi inkişaf mərhələsi. |
mixi | müəyyən memarlıq üslubu və bədii tərtibatı olan qəbir, tabut, kiçik sərdabə |
fonoqrafik yazı | gil və ya daş üzərində mıxşəkilli cızıqlardan ibarət yazı üsulu |