Sivilizasiyanın ilkin mərhələlərində yazının meydana gəlməsi insanların bilik və təcrübələrinin artması ilə bağlı idi. Əldə olunan bilikləri gələcək nəsillərə ötürmək lazım idi. Bunu isə yazı vasitəsilə etmək olardı.
Çox qədimdə insanlar fikir və duyğularını yazıda əks etdirmək üçün rəsmlərdən istifadə edirdilər. Bu yazı növü yəni məzmunun rəsmlərlə ifadə olunması elmdə piktoqrafiya adlanır. Belə rəsmlərə isə piktoqram deyilir.
Piktoqrafik yazıların elementlərinə Azərbaycanın bir sıra bölgələrində rast gəlmək olar. Bunlardan ən məşhurları Bakı yaxınlığındakı Qobustan və Ordubaddakı Gəmiqaya rəsmləridir. Piktoqramlar vasitəsilə insanlar gələcək nəsillərə xalqın adət-ənənələri, məşğuliyyəti, inancları haqqında informasiya çatdırırdılar. Məsələn Gəmiqaya rəsmlərində günəş təsvirlərinin çoxluğu Azərbaycanda Günəşlə bağlı inancların geniş yayıldığını göstərir. Günəş tanrısına inam türk xalqlarının mifologiyasında əks olunmuşdur. Azərbaycan folklorunda da Günəş və Ayla bağlı xeyli əfsanə var.
***
Miladdan öncə III minillikdə Qədim Misir xalqı öz yazı sistemini yaratdı. Sonralar heroqlif (müqəddəs) adlanan bu yazı, əsasən, ilahların heykəlləri və sarkofaqlar üzərində həkk olunurdu.
Misir yazısı yüzlərcə heroqlifdən ibarət idi. Bəzi heroqliflər sözü (anlayışı), bəziləri isə səsi ifadə edirdi. Belə mürəkkəb yazını mənimsəmək vaxt tələb edirdi. Yazmaq və oxumaq xüsusi peşə sayılırdı və dövrünə görə şərəfli və gəlirli bir iş hesab edilirdi.
Çinlilərin Miladdan 2000 il öncə yaratdıqları və bu gün də istifadə etdikləri yazı sistemi də heroqlif yazısı hesab olunur. Çin heroqlif yazısında minlərlə işarə vardır. Bu işarələrdən bəziləri konkret səsi, bəziləri isə bütöv sözü – anlayışı bildirir.
***
Miladdan öncə III minilliyin ortalarında şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mismarla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Mixi yazıda minə yaxın işarədən istifadə olunurdu. Hər bir işarə bir neçə cızıqdan ibarət olub bütöv sözü ya da ayrıca bir hecanı göstərirdi.
Sonralar mixi yazı təkmilləşdirildi. Artıq 600-dən çox işarədən ibarət olan bu yazıdan Assuriya və Urartu padşahlıqlarında geniş istifadə edirdilər.