Kitabınızla tanış olun
Dərslik 7 bölmədən ibarətdir. Hər bölmədə verilən mətnlər həmin bölmənin mövzusu ilə bağlıdır.
Bölmələrdə təkrar olunan rubrikalar aşağıdakılardır:
Mətndaxili suallar
Bu suallar mətnin oxunmuş hissəsini daha dərindən qavramağa, növbəti hissələrə maraq oyatmağa xidmət edir.
Söz ehtiyatı
Mətndə tanış olmayan sözlərlə bağlı suallar verilir, bu sözlərin mənasını kontekstə görə izah etmək tapşırılır. Siz öz izahınızı kitabın sonunda verilmiş "Sözlük"dəki izahla müqayisə edə bilərsiniz.
Düşün və cavab ver
Bu rubrikada mətni təhlil etmək, obrazlara, mətndə ifadə olunmuş fikirlərə münasibət bildirmək tələb olunur. Bəzən isə bu fikirləri şəxsi həyatınızla əlaqələndirmək tapşırılır.
Yazı
Bir çox mətnlərdən sonra əsərin mövzusu və ya ideyası ilə bağlı esse yazmaq tapşırılır. İnformativ mətnlərin məzmununu əhatə edən tezislər yazmaq, mövzu ilə bağlı araşdırma apararaq təqdimat hazırlamaq kimi maraqlı tapşırıqlar da bu rubrikada yer alır.
Dil qaydaları
Hər bir mətnlə bağlı fəaliyyətin sonunda siz dil qaydaları üzrə bilgilərinizi nümayiş etdirirsiniz. "Yadda saxla" rubrikasında verilmiş məlumatlarla tanış olduqdan sonra mənimsədiyiniz dil qaydalarını nitqdə tətbiq edirsiniz.