Planlaşdırdığınız iş ona ayırdığınız zamana uyğun olmalıdır. Həm işin çətinliyini, həm də öz əqli və fiziki imkanlarınızı nəzərə almalısınız. “Filankəs bu işi filan vaxta görür, mən də o qədər vaxt ayırım”, – deyə düşünmək olmaz.
İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətini əsas götürməlisiniz. Dərs oxuyarkən də bu prinsipi əldə əsas tutmaq lazımdır. İki oxşar fənni ardıcıl oxumaq düzgün deyil. Çətin dərsləri əvvələ, sevdiyiniz dərsi və ya işi yorğun vaxtınıza salsanız, vaxtınızdan daha səmərəli istifadə etmiş olarsınız. Fasiləsiz uzun müddət oxumaq da məqsədəuyğun deyil.
* * *
Bəzən vaxt azlığından şikayətlənirsiniz. Lakin vaxtı sizdən oğurlayanlar var. Geriyə dönüb baxsanız, vaxt oğrularınızı özünüz də görə bilərsiniz: faydasız televiziya verilişlərinə baxmaq, lazımsız məşğuliyyətlər, internet vasitəsilə sosial şəbəkələrdə keçirdiyiniz hədər saatlar və s. Hər halda, bu işlərə faydalı əməkdən sonra sizi əyləndirən, ovqatınızı yüksəldən bir mükafat kimi baxsanız, daha yaxşı olar. Ancaq bu məşğuliyyətə ayırdığınız vaxta ciddi məhdudiyyət qoyun, vaxt bitən kimi ondan ayrılın.
Vaxt oğrularından biri də yuxudur. Alimlər hesablamışlar ki, 80 il ömrü olan insan gündə orta hesabla 7 saat yatırsa, ömürdən 23 il 4 ay oğurlayır. Təsəvvür edin ki, gündə bircə saat az yatsanız, faydalı həyat dövrünə ayırdığınız vaxtı bir neçə il uzada bilərsiniz. Planlı hərəkət edən insanlar yuxu məsələsində daha iradəli davranırlar.
* * *
İlk baxışda planlı həyat tərzi sizə çox cansıxıcı görünə bilər. Özünüzü bir robot kimi hiss edə bilərsiniz, hətta kimsə sizi pedantizmdə günahlandıra bilər. Ancaq nizamlı bir həyat tərzinə uyğunlaşmağa çalışsanız, qısa müddət ərzində bunun faydasını hiss edəcəksiniz. Planla hərəkət etsəniz, işləriniz üst-üstə düşməz və yığılıb qalmaz. Beləcə, nə vaxt dincəlib, nə vaxt dərslərlə məşğul olacağınızı və nə zaman əylənəcəyinizi dəqiq biləcək, hər şeyə vaxt çatdıracaqsınız.
Zamandan düzgün istifadə qətiyyən ifrat dərəcədə çalışmaq, özünü sosial həyatdan ayırmaq, televizordan imtina etmək deyil. Zamandan səmərəli istifadə onun hansı hissəsini bunlara sərf edəcəyini qabaqcadan bilmək və bu bilgiyə görə hərəkət etməkdir. Məqsədə çatmaq və uğur qazanmaq üçün vacib amil həddən çox çalışmaq yox, zamanın yüyənini əlinə alıb səmərəli çalışmaqdır.
Aylin Atmacanın
“Zamanı necə idarə etməli” kitabından