İstənilən fəaliyyət növü üçün enerji tələb olunur. Enerji istilik, işıq, hərəkət deməkdir. Həyatda bu enerjini insanlar bərpa olunan və bərpa olunmayan enerji mənbələrindən alırlar. Bərpa olunan enerji mənbələrinə Günəş, külək, su ehtiyatları və s. aiddir. Bu enerji mənbələri nə qədər istifadə olunsada, tükənmir. Bərpa olunmayan enerji mənbələrinə isə daş kömür, neft, qaz, torf və s. aiddir.
Gəlin insanlar tərəfindən çox qədim zamanlardan enerji mənbəyi kimi istifadə olunan külək və daş kömürü müqayisə edək. İnsanın külək enerjisindən nə qədər istifadə etməsindən asılı olmayaraq planetimizdə külək azalmayacaq, necə əsirdisə, eləcə də daim əsəcək. Daş kömür ehtiyatı isə nə qədər çox olsa da, tükənməz deyil. Daş kömürün əmələ gəlməsi üçün yüz milyonlarla il lazımdır.
Axar suyun enerjisindən də insanlar qədim dövrlərdən istifadə edirlər. Müasir dövrdə isə su-elektrik stansiyalarında bu enerji mənbəyindən elektrik enerjisi alınır.
Günəş bizim planetimizdə tükənməyən ən güclü enerji mənbəyidir. Günəşin enerji ehtiyatı qeyri-məhduddur. Bu enerjini bir yerdən başqa yerə nəql etmək lazım deyil, o, planetin hər bir guşəsində var.
Nə qədər ki Günəş işıq saçır, külək əsir, çaylar axır, Yer kürəsində bərpa olunan enerji mənbələri mövcud olacaqdır. Lakin təəssüf ki, onlardan hələ ki kifayət qədər istifadə olunmur. İnsanlar daha çox bərpa olunmayan enerji mənbələrinə üz tuturlar. Müasir dövrdə insanlar istifadə etdikləri enerjinin 80%-ni məhz bu enerji mənbələrindən alırlar. Yer üzərində bu enerjinin miqdarı hələ ki kifayət qədər çoxdur. Lakin son dövrdə insanlar getdikcə daha çox onun çatışmadığı barədə danışırlar.