Quşların səsini istədi ürək,
Cüyür mələşməsi düşdü könlümə.
Bir ana, bir bacı məhəbbətitək
Bir meşə həsrəti köçdü könlümə.
Çəkdi o yerlərə çəmən, çay məni,
Çəkdi etibarlı, boz sərçələr də.
Elə harayladı torağay məni,
Səsi qulağıma çatdı şəhərdə.
Bir qatar tərpəndi qəmimə düşmən,
Yuxunu ömrümdən yedi həsrətim.
Meşənin dilindən, quşun dilindən
Qorxulu nağıllar dedi həsrətim.
Heyrətmi nitqimi bağladı belə?
Bəs niyə ağaclar kölgə salmayıb?
Ay aman! Cüyürü demirəm hələ,
Meşənin özündən əsər qalmayıb!
Ənvər Rza
Ağaclar dırmaşıb dəcəl uşaqtək
Dağın zirvəsinə yamacla, yolla.
Tamaşa etməyə bir cüt göz gərək –
Meşə bəhsə girib göylə, maşallah!
Burdakı quşlara heç kim deməz “kiş!”
Bu gün yaman qar var, yaman boran var.
Evdə balasını yedizdirməmiş
Meşədə quşlara dən aparan var.
A yorğun əsəbim, dincini bir al!
Pərtliyim, bığımı yenə çeynəmə.
Dizimi yalayır körpə bir maral,
Bir cüt sarıköynək qonub çiynimə.
*Maşuk – Şimali Qafqazda Maşuk dağı ətəklərində meşə