Lük Deni qucaqlayaraq qışqırırdı:
– Henri əmi, Den yaxşı itdir! Siz heç bilmirsiniz, o necə yaxşı itdir!
– Mən sənə yaxşı bir küçük taparam, oğlum. Balaca, ağıllı bir it ki, ona çəkilən xərc havayı getməz.
– Mənə küçük lazım deyil, – deyə Lük etiraz etdi.
Amma Lük çox narahat idi. O bilirdi ki, əmisi sentimental adam deyil. İtdən bir fayda olmadığını qərara alıbsa, onu saxlamayacaq.
Ertəsi gün Lük evə gələndə Deni səslədi. Den cavab vermədi. Lük çaya tərəf döndü. Çayın ortasında köhnə qayıq yırğalanırdı, içində də əmisinin qoca işçisi Sem Karterlə Den oturmuşdu.
Lük iti çağırdı, Den suya atıldı, dalınca da Karterin iplə Denin boynuna bağladığı daş şappıltı ilə suya düşdü. Lük ağlayırdı. İti xilas etmək istəyirdi, amma Karterin getməsini gözləməli idi. Qoca bir qədər suyun üzərində yaranan dairələrə baxdı, sonra qayığı çevirib yavaş-yavaş oradan uzaqlaşdı. Lük bundan istifadə edib suya atıldı. Bir azdan o artıq Deni sudan çıxarmışdı. İtin böyürlərindən basmağa başladı. Bir-iki dəfə basandan sonra it tərpəndi.
– Əhsən, qoca. Hə, sən ölməməlisən, – deyə Lük sevincək qışqırdı.
İndi evə qayıtmaq olmazdı. Lük qonşuluqda yaşayan qoca Kempi xatırladı. Onun evinə gedib qocadan kömək istədi. Kemp bir qədər fikrə getdi və dedi:
– Lük, mən istəməzdim ki, sən əmini ürəksiz, qəddar hesab edəsən. O, pis adam deyil. Ola bilər ki, sərt və işgüzar adamdır. Gəlsənə ona bir işgüzar təklif edəsən?
– Nə? Siz nə demək istəyirsiniz?
– Bilirsən, düzü, axşamlar mənim inəklərimi haylayıb gətirməyin xoşuma gəlir. Sən onları gətirəndə mənim getməyimə heç ehtiyac qalmır. Tutaq ki, bunun üçün mən sənə həftədə 75 sent versəm, sən bu işi daimi edərsənmi?
– Əlbəttə, mister Kemp.
Onda gedərsən evə. Əminə deyərsən ki, işgüzar təklifin var, itin yemi üçün həftədə 75 sent təklif edirsən. Özü də bunu əsl kişi kimi edərsən.
– Axı əmim 75 sentə möhtac deyil, o, varlıdır.
– Sən dediyimi elə. Nə cavab versə, mənə deyərsən.