Elə bil vaqonun özü də rahatlıqla nəfəs aldı və təkərlər daha şən taqqıldamağa başladı.
***
Nəhayət, qatarın rəisi və əlində maşa tutmuş bələdçi qız gəlib çıxdılar. Deyəsən, onların fikri gürzəni öldürmək idi. Vaqona sükut çökdü. Hamı məsələnin nə ilə qurtaracağını gözləyirdi.
Leytenant gözü yaşarmış Boryaya baxıb ucadan dilləndi:
– Deyəsən, axı, doğrudan da, yaxşı çıxmır. Öldürmək, mənim fikrimcə, düzgün deyil. Yoldaşlar, bəlkə, öldürməyək, hə?
– Bəs, sizcə, nə etmək lazımdır?– deyə eynəkli sərnişin soruşdu. Leytenant dedi:
– Əfv edək gürzəni. Oğlan onu əyləncə üçün aparmır axı. Bir ona baxın, görün nə qədər işləyib, zəhmət çəkib!
Çaşıb-qalan sərnişinlər susurdular. Qatarın rəisi leytenanta baxdı:
– Vətəndaş, sərnişinlərə bir şey olsa, bizi məsuliyyətə cəlb edə bilərlər!
– Gürzəni öldürsəniz, başqa şeyə görə cəlb edərlər.
– Nəyə görə?
– Necə yəni nəyə görə? Məktəb ləvazimatını korladığınıza görə!
Hamı güldü, sonra mübahisə etməyə başladılar:
– Məktəbdə onsuz da gürzəni saxlamazlar.
– Saxlayarlar, amma biologiya müəlliminin nəzarəti altında.
– Elədir, ancaq gürzəni Boryaya vermək təhlükəlidir.
– Birdən o, yenə gürzəni tramvayda, ya metroda əldən buraxar!
– Buraxmaram! And içirəm, buraxmaram! – Borya ümid yeri olduğunu
görüb həyəcanla qışqırdı.