Bəzən insanlar yazılışı və ya mənası yaxın olan sözləri səhv salırlar. Məsələn, “dorağacı” əvəzinə “darağacı”, “kompaniya" əvəzinə “kampaniya” sözünü işlədirlər. Bu qüsur xüsusilə əcnəbi sözlərdən istifadə zamanı özünü göstərir. “Barbar” və “vandal” da belə sözlərdəndir. Bir çox lüğətlərdə bu sözlərin hər ikisi, demək olar, eyni cür izah olunur: “vəhşi, mədəniyyətsiz”. Bununla belə, həmin sözlərin məna çalarları arasında fərq var. Onları fərqləndirməyin ən yaxşı yolu bu sözlərin mənşəyini araşdırmaqdır.
Qədim yunanlar üçün xarici dildə danışanların nitqi mənasız söz yığını idi: “bar-bar-bar”. Ona görə də onlar əcnəbiləri “barbaroi” adlandırırdılar. “Barbar” sözü də mənşəyini buradan götürür.
İlk vaxtlar bu söz mənfi məna daşımırdı. Sadəcə, əcnəbi, yadelli demək idi. O dövrdə yunanlar daha çox Suriya, Misir, Babildən gəlmiş əcnəbilərlə təmasda olurdular. Bu xalqlar yunanlar üçün barbarlar idi və bu heç də həmin xalqların mədəniyyətdən uzaq olması anlamına gəlmirdi.
Miladdan öncə IV əsrdən başlayaraq yunanlar bir çox əraziləri zəbt etdilər. Onlar əsarət altına saldıqları xalqlara yuxarıdan aşağı baxırdılar. Elm, ədəbiyyat və mədəniyyətin inkişaf səviyyəsinə görə yunanlar özlərini digər xalqlardan üstün sayırdılar. Onlar yunan dilində danışmayan barbarlarla, yəni əcnəbilərlə ikincidərəcəli adamlar kimi davranırdılar.
E.ə. II əsrdə Yunanıstan Romadan asılı vəziyyətə düşdü. Latın dili yunan dilindən fərqlənsə də, yunanlar onları istila edənlərə aşağı irqin nümayəndələri kimi baxa bilməzdilər. Artıq yalnız yunan deyil, həm də latın dilində danışa bilməyənlər barbar sayılırdı.
III—V əsrlərdə Şimali Avropada yaşayan german tayfaları Roma İmperiyasının bu başından girib o başından çıxırdılar. Onlar imperiyanın qərb hissəsini tamamilə məhv etmişdilər. Elə həmin dövrdə Avropaya köç etmiş hun tayfaları da Roma üçün böyük təhlükə yaradırdı. Sözsüz ki, həm german, həm də hun tayfaları şəhər mədəniyyətinin inkişafı baxımından yunan və romalılardan geri qalırdı. Məhz həmin dövrdən etibarən “barbar” sözü yalnız “yadelli” deyil, həm də “mədəniyyətsiz, kobud, nadan” mənası kəsb etməyə başladı.
Roma imperiyasının qərb əyalətlərinə soxulan və faktiki olaraq bu imperiyanı süquta yetirən german tayfalarının sayı çox idi. Bu tayfalardan biri vandal adlanırdı. Bu çox qəddar və amansız bir tayfa idi. Hərçənd bu xüsusiyyətlərinə görə vandallar digər tayfalardan; vestqot, ostqot, frank, burqund və başqalarından çox da fərqlənmirdilər.