İdi, imiş köməkçi sözləri samitlə bitən feillərə qoşulduqda, adətən, bitişik yazılır: oxuyacaqmış, saxlayırdı, keçibmiş, gəlmişdi və s.
Saitlə bitən feillərə artırıldıqda isə idi, imiş həm bitişik, həm də ayrı yazıla bilər: gəlməliydi, baxası imiş, biləydi və s.
Başqa nitq hissələri ilə işlənərkən bu köməkçi sözlər, adətən, ayrı yazılır. Lakin bədii ədəbiyyatda, xüsusilə folklor nümunələrində onların tələffüz qaydasına uyğun yazılmasına tez-tez rast gəlmək olar: “Biri vardı, biri yoxdu”, “Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi ”. (S.Rüstəm)
Onun ən böyük arzusu anasının portretini yaratmaq.... Artıq neçə vaxt idi ki, bu əsər üzərində işləyir... . Lakin dəhşətli müharibə hər şeyi yarımçıq qoydu.
Ana evdə oğlunu gözləyir.... Samir indilərdə gələsi.... Birdən qapı açıldı. Ananın qarşısında əsgər paltarı geymiş Samir dayanmış... :
- Gedirəm, anacan. Mənə xeyir-dua ver.
Ananın gözləri doldu, nitqi qurudu. Sonralar bu səhnə yadına düşdükcə özünü danlayır.... Kaş ki ayağına düşə..., qabağını kəsə..., yalvara..., amma onu getməyə qoymaya....
Ana masanın üstündə Samirin şəklini özünün yarımçıq qalan portreti ilə üzbəüz qoymuşdu. Hər an Samirin dostlarının sözlərini xatırlayır...: “Son nəfəsində Samir bunu dedi: - Bircə anamın portretini tamamlaya...”.