İstənilən halda etiraf olunmalıdır ki, aforizmi məhz Qorki məşhurlaşdırıb, amma Xemnitserin birincilik haqqı da özünə qaytarılmalıdır.
“Sürünmək üçün doğulanlar uça bilməzlər” ifadəsi o qədər populyardır ki, ondan yeni-yeni aforizmlər yaranır: “Uçmaq üçün doğulanlar sürünə bilməzlər” və ya “Sürünmək üçün doğulmuşlar heç vaxt büdrəməzlər”.
Sovet dövründə nəşr olunmuş bir çox kitablarda, eləcə də dərsliklərdə rus sərkərdəsi Aleksandr Suvorovdan (1730-1800) sitat gətirilirdi: "General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil". Lakin Suvorovun, həqiqətən, bu ifadəni işlətdiyinə dair heç bir elmi sübut yoxdur. Onun müasirlərindən heç kim bunu təsdiqləmir. Rus mənbələrində həmin aforizmə ilk dəfə yazıçı Aleksandr Poqosskinin 1855-ci ildə yazdığı "Əsgər qeydləri" kitabında rast gəlinir: "General olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, amma gələcək taleyi barədə çox düşünən əsgər ondan da pisdir". Cümlənin birinci hissəsi aforizmə çevrilib, davamı isə unudulub. Belə şeylər tez-tez baş verir.
Tədqiqatçılar fransız sərkərdəsi Napoleonun bu ifadəni Poqosskidən də əvvəl işlətdiyini iddia edirlər. Napoleonun ordusu Avropada adi əsgərin marşal rütbəsinə qədər yüksələ biləcəyi yeganə ordu idi. Rusiyada isə həmin illərdə səhvə yol vermiş əsgəri bəzən ölənədək döyürdülər, zabit rütbələri yalnız zadəganlara verilirdi. Bu səbəbdən də həmin qanadlı ifadənin XVIII əsr Rusiyasında yarana biləcəyi inandırıcı görünmür.
Rəvayətə görə, 1773-cü ildə rus sərkərdəsi Aleksandr Suvorov baş komandanın əmri olmadan türklərin Turtukay qalasına hücum edibmiş. Hücum uğurla nəticələnib. Lakin Suvorov tabelik qaydalarını pozduğuna görə baş komandan onun cəzalandırılması tələbi ilə hərbi tribunala müraciət edib. İmperatriçə II Yekaterina bundan xəbər tutanda “Qalibləri mühakimə etmirlər” deyərək məhkəmə prosesinin başlanmasına icazə verməyib.
Lakin Suvorovun Turtukay uğrunda döyüşlərdə özbaşına hərəkət etməsi və buna görə məhkəməyə verilməsi haqda rəvayət heç bir tarixi mənbə ilə təsdiq olunmur. Əgər o, baş komandana tabe olmasa idi, bu cəbhədə qələbələrə görə “Müqəddəs Georgi” ordeni ilə təltif olunmazdı.
“Qalibləri mühakimə etmirlər” ifadəsi isə qədim latın aforizminin (“Victoria non arbitrare”) hərfi tərcüməsidir. Onun hansı şəraitdə yarandığı və ilk dəfə kim tərəfindən işlədildiyi barədə dəqiq məlumat yoxdur.