Vaxtilə tarixi şəxsiyyətlərin dilindən çıxmış və ya bədii əsərlərdə işlənmiş bir sıra kəlamlar bu gün geniş yayılaraq zərbi-məsələ, aforizmə çevrilmişdir. Məsələn, müəyyən işdə, yarışda asanlıqla uğur qazanan şəxslər bəzən təkəbbürlə “Gəldim, gördüm, qələbə çaldım” deyirlər. Bu ifadəni ilk dəfə Qay Yuli Sezar işlətmişdir. Bir-birinin ardınca başqa əraziləri zəbt edən Roma imperatoru hər dəfə senata öz qələbəsini təsvir edən uzun hesabat məktubları yazırdı. Nəhayət, bu qələbələr o qədər adiləşdi ki, Sezar məktublarında cəmi üç söz yazmağa başladı: “Veni, vidi, vici” (“Gəldim, gördüm, qələbə çaldım”). Hər qələbədən sonra Romaya triumfla daxil olan Sezarın önündə əsgərlər bu sözlərin yazıldığı plakat aparırmışlar.
Qanadlı ifadəyə çevrilmiş elə kəlamlar da var ki, onların ilk dəfə kim tərəfindən deyildiyi tədqiqatçılar arasında mübahisə doğurur.
Maksim Qorkinin 1898-ci ildə yazdığı “Şahin nəğməsi” əsərin dən sonra “Sürünmək üçün doğulanlar uça bilməzlər” aforizmi dillərdə əzbər oldu. İndinin özündə də bu aforizmi işlədəndə böyük rus yazıçısına istinad edir, onun məşhur əsərini nəzərdə tuturlar. Lakin tədqiqatçılar başqa fikirdədirlər. Məsələ burasındadır ki, “Şahin nəğməsi”ndən 119 il əvvəl Rusiya Akademiyasının üzvü, şair və tərcüməçi İvan Xemnitserin “Kişi və inək” təmsili çap edilib. Təmsilin son sətirləri belədir:
Belindəki adamın altında sərilərək
Yıxıldı heç çapmağı bacarmayan bu inək.
Burda qəribə nə var: bilməliydi o nadan,
Sürünməkçün doğulan uça bilməz heç zaman.
Ola bilsin ki, Maksim Qorki özündən bir əsr əvvəl yaşamış şairin bu təmsilindən xəbərsiz idi. Bəlkə də, əksinə, bilərəkdən Xemnitserin yaradıcılığından bəhrələnmişdi, çünki XIX əsrdə bu müəllif Rusiyada hələ populyarlığını saxlayırdı, əsərləri təkrar-təkrar çap edilirdi.