Əmir Teymur Mollaya xeyli qızıl verib yola salır ki, eşşəyə danışmaq öyrətsin. Evə gələndə arvadı ondan nə baş verdiyini soruşur. Molla başına gələnləri deyəndə arvadı bərk narahat olub soruşur ki, ay kişi, birdən eşşək danışa bilmədi, onda nə edərik? Molla deyir:
– Arvad, mən elə bilirdim ki, təkcə Teymur ağılsızdır, demə, sən də onun tayı imişsən. Əlbəttə, eşşək danışmaz. Allah kərimdir. Beş ilə ya eşşək ölə, ya Teymur. Elə ikisi də dünyanı tutub durmayacaq ki?
Nəzərə almaq lazımdır ki, bu və digər Molla Nəsrəddin lətifələrində Teymur əzazil hökmdar kimi satira hədəfinə çevrilir. Məlumdur ki, Əmir Teymur Qafqaz və Şərq ölkələrinin bir çoxunu işğal etmişdi. İşğalçı hökmdarlar isə həmişə işğala məruz qalan xalqların folklorunda mənfi obraz kimi qələmə verilir. Molla Nəsrəddin milliyyətcə özbək olsa idi, çətin ki, Teymurləng obrazı bu dərəcədə gülüş obyektinə çevrilərdi. “Beş ilə ya eşşək ölə, ya Teymur” lətifəsində eyni zamanda xalqın Teymur hakimiyyətinin müvəqqətiliyinə inamı özünü göstərir. Beləliklə, güman etmək olar ki, Molla Nəsrəddin Teymur işğalı dövründə Azərbaycanda yaşamış zarafatcıl və hazırcavab bir şəxs olmuşdur.
Molla Nəsrəddinin hazırcavablığı, onun dilinin şirinliyi dilimizdə bir çox məsəllərin yaranmasına səbəb olub. Bir çox lətifələrdə Mollanın nitqində çox maraqlı söz oyununa rast gəlirik:
Bir gün Molla eşidir ki, şəhərin hakimi azarlayıb. Ağacdan bir neçə alma dərib hakimi yoluxmağa gedir. Hakim deyir:
– Molla, birdən-birə dişim də başladı ağrımağa, qulağım da… Daha mənə bir əzab verdilər ki, gəl görəsən. Bu gün bir yaxşı dəllək tapıb dişimi çəkdirdim. İndi onun ağrısı qurtarıb. Amma bu zəhrimar qulağım elə ağrıyır ki, ağrıyır. Bir həkim də tapılaydı ki…
Molla tez onun sözünü kəsib deyir:
– Hə… hə… Bircə halal süd əmmiş adam tapılıb sənin o qulağını da çəksəydi… Sən də rahatlanardın, camaat da.
Milli mənsubiyyətindən asılı olmayaraq Molla Nəsrəddin bütün türk xalqlarına mənsub olan bir obrazdır. Onun lətifələri türkdilli xalqlar tərəfindən sevildiyi kimi, bu lətifələrdən doğan məsəllər də həmin xalqların dilinə daxil olub və bu dilləri birləşdirən amillərdən birinə çevrilib.
Sahibə Tərtərli