Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan Çinə qədər böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki bu adı eşidəndə yadımıza hansısa bir lətifə düşür.
Söhbət uzun əsrlər boyu insanlara gülüş bəxş edən Nəsrəddindən gedir. Bu ad hər bir türk üçün doğmadır. Anadoluda ona Nəsrəddin Xoca, Azərbaycanda Molla Nəsrəddin, Orta Asiyada Xoca Nəsrəddin deyirlər.
Molla Nəsrəddinin harada, nə vaxt yaşadığı barədə dəqiq məlumat yoxdur. Bəzi folklorşünaslar Molla Nəsrəddinin prototipinin XIII əsrdə yaşamış məşhur Azərbaycan alimi Nəsirəddin Tusi olduğunu iddia edirlər. Doğrudan da, Tusinin məşhur “Əxlaqi-Nasiri” əsərində lətifələr də var. Bu isə onun yumora meyilli olduğundan xəbər verir. Bundan başqa, Molla Nəsrəddin lətifələrinin birin də onun digər adının Həsən olduğuna işarə var. Məlumdur ki, Nəsirəddin Tusinin də əsl adı Məhəmməd ibn Həsən olmuşdur.
Lakin digər türkdilli xalqlar da lətifə qəhrəmanının onlara məxsus olduğunu sübut etmək üçün müxtəlif arqumentlər gətirirlər. Molla Nəsrəddin lətifələrində Teymurləng adının tez-tez çəkildiyini əsas tutaraq bəzi tədqiqatçılar onun özbək olması ehtimalını irəli sürürlər.
Xalq arasında geniş yayılmış "O vaxta ya şah (xan) ölər, ya eşşək" məsəli də Əmir Teymurun adı ilə əlaqələndirilir.
Belə deyirlər ki, bir gün Teymurləngə bir eşşək bağışlayırlar. Teymur üzünü Mollaya tutub deyir ki, Molla, sənin eşşəkdən yaxşı başın çıxır, bu eşşəyə bir qiymət ver. Molla isə cavabında deyir:
– Qibleyi-aləm sağ olsun, bu çox zəkalı heyvandır. Əgər bunu mənə versəniz, mən ona beş ilə danışmaq öyrədərəm.