***
Polyannanın otağına daxil olan Nensi qızcığazı kədərli görüb dedi:
– Ah, mənim zavallı quzum, qəm yemə. Gəl sənin paltarlarını yerbəyer edək.
Polyanna astadan:
– Mənim əşyalarım çox azdır, – dedi.
– Onda biz işimizi də tezliklə qurtararıq.
Qızın üzünü birdən təbəssüm bürüdü:
– Doğrudan da, yır-yığışa çox vaxt sərf etməli olmayacağıq. Deməli, mən belə az əşyam olduğu üçün sevinə bilərəm.
Bu sözləri eşidən Nensi yerində donub-qaldı. Polyanna isə artıq tamamilə sakitləşmişdi.
– İndi mən görürəm, bu, çox gözəl otaqdır. Güzgünün olmaması məni hətta sevindirir. Hər an üzümdəki çillərə baxıb qanımı qaraltmayacağam. Pəncərədən də gör necə mənzərə açılır! Heç bir şəklə də ehtiyac yoxdur. Xalamın mənə bu otağı verməsinə çox sevinirəm!
Bu sözlərdən sonra Nensi daha özünü saxlaya bilməyib hönkürdü. Polyannanı qucaqlayıb başını sinəsinə sıxdı:
– Polyanna... Sən göylərdən enmiş bir mələksən... Sən hər şeyə sevinə bilirsən...
– Oyunun qaydası belədir.
– Oyunun?
– Hə də. Bu, belə oyundur, həmişə sevinmək oyunu. Bu oyunu mən balaca olanda atam öyrətmişdi. Bir bayram axşamı şəhərimizdəki xeyriyyə cəmiyyəti ailələrə hədiyyələr göndərmişdi. Çox istəyirdim ki, mənim payıma gəlincik düşsün. Amma bizə dava-dərmanla dolu qutu göndərmişdilər. Mən ağlayanda atam mənə dedi ki, əslində, sevinməliyəm. Hə, hə, sevinməliyəm ki, bu dava-dərman mənə lazım deyil. Və bundan sonra mənə həmişə sevinmək oyununu öyrətdi. Oyunun qaydası belədir ki, ən kədərli anlarda da sevinməli bir məqam tapasan. Atam... – Polyannanın səsi titrədi. – Atam bu oyunu çox xoşlayırdı.