Qızcığaz xidmətçinin miss Polli olduğunu zənn etmişdi. Yanıldığını biləndə o, əvvəlcə bir qədər tutuldu, sonra isə halını pozmadan şən bir tərzdə dedi:
– Bilirsiniz, mən hətta sevinirəm ki, Polli xala məni qarşılamağa gəlməyib. Axı onda mən artıq onun necə olduğunu bilərdim, indi isə mən hələ onu tanımıram. Üstəlik, indi mənim sizin kimi dostum var.
Yolboyu Polyanna elə hey danışırdı:
– Polli xala mənim yeganə xalamdır. Mən heç onu görməmişəm. Atam mənə onun haqqında danışıb. O deyirdi ki, Polli xala təpənin başında ucalan gözəl evdə yaşayır. Onun evində hər otaqda xalça var. Divarlarda da gözəl şəkillər asılıb. Bizim evimizdə nə xalça, nə də şəkil var idi. Mən həmişə arzu etmişəm ki, otağımda xalça və şəkillər olsun...
***
Polyanna otağa daxil olanda miss Polli ayağa qalxıb bacısı qızı ilə görüşmədi. Amma, insafən, demək lazımdır ki, gözlərini kitabdan ayırdı və hətta hər barmağı “çox inkişaf etmiş borc hissinin” mücəssəməsi kimi görünən əlini Polyannaya uzatdı:
– Salam, Polyanna. Mən...
Miss Polli bundan başqa bir söz deməyə macal tapmadı, çünki Polyanna otağın bu başından o başına güllə kimi keçərək xalasının dizləri üstünə atıldı.
– Ah, Polli xala! Mən burada, sizinlə yaşayacağıma elə sevinirəm ki! Axı atamın ölümündən sonra mənim heç kimim qalmayıb, indi isə siz və Nensi varsınız...
– Kifayətdir, Polyanna, – deyə miss Polli qızın sözünü kəsdi. – Özünü təmkinli apar. Gedək, sənə otağını göstərim.
Yolboyu divarlardan asılmış şəkillərə, gözəl mebellərə, yumşaq xalılara heyranlıqla baxan Polyanna öz otağını xəyalında canlandırmağa çalışırdı. Lakin ikinci mərtəbədən sonra mənzərə dəyişdi. Burada artıq maraqlı heç nə yox idi. Üstəlik, çardağın havası da çox ağır idi.
Polli xala soyuq tərzdə dedi:
– Bu da sənin otağın. İndi Nensini göndərərəm, əşyalarını yerləşdirməyə kömək edər.
Xalası gedəndən sonra diqqətlə otağının çılpaq divarlarına, döşəməsinə baxan Polyanna dizi üstə yerə çöküb əlləri ilə üzünü örtdü.