– On iki, on bir... – Bir qədər gözlədikdən sonra yenidən saymağa başladı. – On, doqquz, səkkiz, yeddi…
Syu pəncərəyə baxdı. Orda sayılası nə var idi ki? Yalnız köhnə kərpic binanın divarı və ona sarılmış, solmaqda olan sarmaşıq...
– Nəyə baxırsan?
– Altı, – Consi zəif səslə dedi. – Getdikcə daha sürətlə azalır. Hələ üç gün bundan əvvəl yüzdən çox idi. Bax, biri də düşdü. Artıq beş dənədir.
– Axı sən nədən danışırsan?
– O sarmaşığı görürsən? Onun axırıncı yarpağı düşəndə mən də öləcəyəm.
– Bu nə mənasız söhbətdir? Sarmaşığın yarpaqlarının düşməsi ilə sənin ölməyinin nə əlaqəsi ola bilər?! Əksinə, həkim mənə dedi ki, sən tezliklə sağalacaqsan.
– Bilirəm, bunların hamısını məni sakitləşdirmək üçün deyirsən.
– Boş-boş danışma. Yaxşısı budur, yat, dincəl. Mən Bermanı çağırmağa gedirəm. Rəsmi tamamlamaq üçün onun köməyinə ehtiyacım var.
Qoca Berman aşağı mərtəbədə yaşayırdı. Rəssam idi. Amma bütün ömrü boyu heç bir diqqətəlayiq əsər yaratmamışdı. Həmişə bir gün şah əsərini yaradacağından danışsa da, onu hələ çəkməyə belə başlamamışdı.
Syu Bermanı tapıb ağlaya-ağlaya Consinin düşüncələri haqqında qocaya danışdı. Berman özündən çıxdı:
– Nə? Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə necə səbəb ola bilər? İlk dəfədir, eşidirəm. Ah, zavallı balaca miss Consi!.. Buna son qoymaq lazımdır. Amma necə?!
Növbəti gün səhər qısamüddətli yuxudan sonra Syu gördü ki, Consi gözlərini pəncərədən çəkmir. Syu onun baxdığı istiqamətə diqqət yetirəndə təəccübləndi: çox şiddətli yağışdan və güclü küləkdən sonra divarda sarmaşığın yeganə - sonuncu yarpağı görünürdü!..
Üzücü günə bir gecə də əlavə olundu. Sanki yarpaq ağaca yapışdırılmışdı. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpic divara toxunan saplağının üstündə olduğunu görürdülər.
Ertəsi gün Consi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Syunu çağırdı və onun üçün toyuq bulyonu bişirməsini xahiş etdi.
– Mən düz eləmirəm, – Consi dedi. – Öz ölümünü arzulamaq günahdır. Son yarpaq mənə bunu demək istəyir. Mənə bir az bulyon ver. Amma yox, əvvəlcə güzgünü gətir, sonra isə mənə de görüm, indi nə dəbdədir?