taxça is. [fars.] – şey qoymaq üçün divarda açılan oyuq.
tanker is. [ing.] – maye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə neft və s. mayelər birbaşa gəminin xüsusi hazırlanmış çənlərinə tökülür).
taziyanə is. [fars.] – 1) arx. qırmanc, qamçı; 2) məc. kiçik satirik şeir.
terrarium is. [lat.] – suda-quruda yaşayan və sürünən heyvanların saxlanılması üçün xüsusi qab.
tezis is. [yun] - doğruluğu dəlillərlə sübut edilməli olan fikir, iddia.
tərsanə is. [ər.] – gəmi düzəldilən və təmir olunan yer, zavod.
təsnifat is. [ər.] – hər hansı eynicinsli şeylərin və ya anlayışların müəyyən ümumi əlamətlərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemi; klassifikasiya.
tiraj is. [fr.] – 1) istiqraz və ya lotereya uduşlarının oynanılması; 2) buraxılmış nəşrin (kitab, qəzet və s.) nüsxələrinin sayı.
traktat – ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər.
trayektoriya is. [lat.] – hərəkət edən hər hansı bir nöqtə və ya cismin fəzada cızdığı xətt.
tuş is. [lat.] – xüsusi surətdə hazırlanmış qara və ya başqa rəngli sulu boya (çertyoj, rəsm çəkmək və yazmaq üçün).
uzurpasiya is. [alm.] - qanunsuz şəkildə (hiylə və ya zorla) hakimiyyəti zəbtetmə və ya başqasının hüququnu mənimsəmə.
ülfət is. [ər.] – bir-birinə bağlanma, mehr salma, bir şeyə alışma, dostluq, səmimilik, məhəbbət.
ümman is. [ər.] – 1) böyük dəniz, dərya, okean; 2) məc. hədsiz, həddən artıq, sonsuz, çox.
vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruhlanmaq.
vüsət is. [ər.] – genişlik.
yaddaş kartı is. – elektron hesablama maşınlarında verilənləri mühafizə etmək üçün istifadə olunan elektron qurğu. Yaddaş kartından rəqəmsal fotoaparatlarda, telefonlarda, notbuklarda və s.-də geniş istifadə olunur.
zövcə is. [ər.] – arvad, həyat yoldaşı, qadın.