orakul is. [yun.] – antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal.
orijinal is. [yun.] – 1) bir yazının, şəklin və s.-nin əsli; 2) başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli.
ornament is. [lat.] – rəssamlıqda, heykəltəraşlıqda və s.-də: təkrarlanan həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış, bəzək.
pasifist is. [lat.] – pasifizm tərəfdarı.
pasifizm is. [lat.] – hər cür müharibəni, o cümlədən ədalətli müharibələri də inkar edən siyasi cərəyan.
patent is. [lat.] – ixtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd.
pedantizm is. [ital.] – həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq.
perpendikulyar is. [lat.] – başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq təşkil edən düz xətt.
pərçim is. – iki şeyi bir-birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal mil və onun döyülüb yastılanan ucu.
pərdə is. [fars.] – bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxunduqda fərqli səs çıxarır).
pnevmoniya is. [yun.] – ağciyər iltihabı.
poliqrafiya is. [yun.] – çap məhsulları istehsalının bütün növlərini əhatə edən texnika, sənaye sahəsi.
populyarlıq is. – məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə, onun rəğbətini qazanma.
praporşik is. [rus.] – ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə belə rütbəsi olan hərbi xidmətçi; gizir.
pres is. [lat.] – materialları təzyiq vasitəsilə işləmək, emal etmək üçün maşın, qurğu; basqı aləti, məngənə, sıxac.
prototip is. [yun.] – 1) ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq üçün müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs; 2) sonra gələn bir şəxsin və ya şeyin sələfi olan şəxs, ya şey.
psixoloji sif. [yun.] – 1) psixologiyaya aid olan, psixologiya ilə bağlı olan; 2) insanın ruhi vəziyyəti ilə bağlı olan; 3) təsvir olunan surətlərin psixologiyasının dərin təsviri əsasında qurulmuş, yaradılmış.