katolik is. – xristianlıqda əsas məzhəblərdən biri.
kazarma is. [fr.] – 1) hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla; 2) arx. fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana.
kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təxmin edə bilməmək, qərara gələ bilməmək.
koloniya is. – 1) imperialist dövləti tərəfindən zorla tutulub istismar edilmiş, siyasi və iqtisadi istiqlaliyyətini itirmiş ölkə; 2) bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə; 3) bu və ya başqa məqsədlə (islah edilmək, işləmək, müalicə olunmaq və i.a.) köçürülmüş adamların yaşadığı yer; 4) bir-biri ilə bitişik yaşayan orqanizmlər qrupu.
konfiqurasiya is. [lat.] – 1) zahiri görünüş, kontur, surət; cisimlərin qarşılıqlı yerləşməsi; mürəkkəb cisimlərin tərkib hissələrinin nisbəti; 2) Günəş sistemindəki cisimlərin xarakterik qarşılıqlı vəziyyəti.
kontekst is. [lat.] – sözün və ya ifadənin mənasını dəqiqləşdirməyə kömək edən mətn və ya mətnin bir parçası.
konveyer is. [ing.] – işlənib hazırlanma prosesində olan məmulatı bir yerdən başqa yerə ötürmək, yaxud nəql etmək üçün arasıkəsilmədən hərəkət edən nəqliyyat qurğusu.
korrektor is. [lat.] – mətnlərin korrekturasını aparan mətbəə və ya nəşriyyat işçisi; müsəhhih, təshihçi.
korrektura is. [lat.] – kitab, qəzet və s. nəşri zamanı mətnlərdəki orfoqrafik səhvlərin düzəldilməsi; təshih edilməsi.
qazi sif. və is. – düşmənə qarşı döyüşərək qəhrəmanlıq göstərən şəxs.
qəlib is. – 1) bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə keçirilən alət; ülgü; 2) tökmə vasitəsilə müəyyən formalı şeylər hazırlamaq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qab, alət (bu qablara ərgin və ya horra halında tökülən maddə soyuduqdan və ya quruduqdan sonra həmin qabın içinin şəklini alır).
qərq olmaq [ər.] – 1) batmaq; 2) boğulmaq (suda); 3) adətən, tərkiblərdə işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.-ni bildirən ifadə.