filateliya is. [fr.] – kolleksiya üçün marka və poçt ödənişi nişanlarından yığıb saxlama.
format is. [alm.] – 1) kitab nəşrində ölçü; 2) hər hansı tədbirin təşkili və təqdimatı üsulları; mediada materialı təqdimetmə üsulu.
fövqəladə sif. [ər.] – 1) qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş; 2) son dərəcə güclü; 3) təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric ; 4) ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan.
girdab is. [fars] – 1) dərin çayda, ya dənizdə suyun burulduğu yer; 2) məc. ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət.
hali is. [ər.] – bir hadisə, iş haqqında məlumatı, xəbəri olan; xəbərdar, agah.
hücrə is. [ər.] – məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan hər biri.
xal is. – 1) anadangəlmə və ya sonradan dəri üzərində əmələ gələn xırda, dəyirmi ləkə; 2) idman yarışlarında və oyunlarında qiymət qoyarkən hesablama vahidi; 3) musiqinin əsas melodiyası ilə həmahəng olan yeni hissə, yeni cəhət.
xaniman is. [fars.] – 1) ev-eşik, ata yurdu, ocaq, dudman, məskən; 2) ev, ev adamları, ailə.
xaric is. [ər.] – 1) bayır, dışarı; bayır tərəf (daxilin əksi); 2) xarici ölkə, məmləkət.
xaric etmək – qovmaq, kənar etmək, çıxarmaq.
xaric olmaq – 1) kənar olmaq, çıxmaq; 2) musiqidə: mövcud ölçü və ahəngdən kənara çıxma, yanlış çalma, ya oxuma.
illah [ər.] – xüsusən, ələlxüsus.
illüstrasiya is. [lat.] – kitab və jurnallarda mətnin məzmununa aid şəkillər.
instinkt is. [lat.] – qeyri-iradi, qeyri-şüuri reaksiya, hərəkət; sövq-təbii hiss, duyğu.
karbürasiya is. [fr.] – daxiliyanma mühərriklərində duru yanacaq ilə havanın qarışmasından yanacaq qatışığının əmələ gəlməsi.
karbürator [fr.] – daxilində karbürasiya əmələ gələn cihaz (daxiliyanma mühərriklərində).
karet is. [pol.] – arx. hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik arabası.
kataloq is. [yun.] – müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların, əlyazmaların, muzey eksponatlarının və s.) siyahısı.