dekada is. [yun.] – 1) on günə bərabər olan zaman kəsiyi, ongünlük; 2) hər hansı ictimai və ya mədəni hadisəyə həsr olunmuş, on gün davam edən tədbirlər silsiləsi.
dərgah is. [fars.] – 1) klas. astana, kandar, qapı önü; böyük adamların qapısı; saray, iqamətgah; 2) məc. Allahın mərhəməti, şəfqəti, köməyi, inayəti.
dəstxət is. [fars. və ər.] – birisinin şəxsən öz əli ilə yazdığı yazı.
dissertasiya is. [lat.] – elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri.
divan is. [fars.] – Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin yazdığı şeirlər məcmuəsi; divanda şeirlər qafiyələnən sözlərin və ya rədiflərin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülür.
dövriyyə is. [ər.] – gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malın dövr etməsi, tədavülü.
duzaq is. – quş və vəhşi heyvan tutmaq üçün alət; tələ.
dünyəvi sif. [ər.] – dünyaya aid olan, dünya ilə bağlı olan; din ilə əlaqəsi olmayan, dini mahiyyətdə olmayan.
ekspert [lat.] – 1) mübahisəli məsələlərin həlli üçün dəvət edilən mütəxəssis və ya mütəxəssislər qrupu; 2) yoxlayıcı, müzakirəedici komissiya.
ekstremal [lat.] – adi şəraitdən fərqlənən, qeyri-adi, təhlükəli; təbii fəlakətə, hərbi vəziyyətə, siyasi çaxnaşmalara və s.-yə xas olan (situasiya).
enerji bloku – fəaliyyəti birbaşa elektrik enerjisindən asılı olan hər hansı sənaye sahəsinin və ya iri müəssisənin (məs.: neftçıxarma, televiziya və radio yayımı) enerjinin paylanmasını tənzimləyən bölməsi.
eqoizm is. [fr.] – cəmiyyətə və adamlara münasibətdə öz şəxsi maraqlarını hər şeydən üstün tutmaq; altruizmin əksi olan əxlaqi keyfiyyət.
əstəğfürullah nida [ər.] – hərfi mənada: “Allahdan bağışlanmağımı istəyirəm”; bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən, heç vaxt, heç elə şey ola bilməz, heç elə şeyə razı ola bil mərəm” mənalarında da işlənir.
fasad is. [fr.] – tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən tərəf; öndən görüntü.