aborigen is. [lat.] – 1) yerli, yerli mənşəli; 2) ölkənin ilk yerli sakinlərinə verilən ad.
aerodinamika is. [yun.] – havanın və digər qazların hərəkətindən bəhs edən elm.
analoq is. [yun.] – eyni təyinatlı, bənzər, oxşar olan.
annotasiya is. [lat.] – kitabın, məqalənin, film və ya verilişin qısa məzmunu.
antitezis is. [lat.] - tezisin ziddinə yürüdülən mühakimə.
audio is. [lat.] – 1) səs sahəsi ilə bağlı olan bir sıra mürəkkəb sözlərin birinci hissəsi; 2) insan qulağının eşidə biləcəyi hər hansı bir səslə əlaqədar olan anlayış; kino, televiziya və radio yayımının səslə bağlı bölməsi.
avtoritar sif. [fr.] – bütün vasitələrlə öz hakimiyyətini və ya təsirini möhkəmləndirməyə çalışan.
ayin is. [fars.] – 1) qayda, qanun; 2) dini mahiyyətdə olan mərasim; ibadət.
bərəkallah [ər.] – “əhsən”, “mərhəba” və s. mənasında tərif, bəyənmə ifadə edən nitq etiketi.
biblioqrafiya is. [yun.] – müəyyən məsələyə dair kitab, məcmuə və məqalələrin siyahısı; kitabiyyat; kitabların məzmununun elmi təsviri və onların siyahı və qeydlərinin tərtibi.
bismillah [ər.] – 1) hərfi mənada: “Allahın adı ilə”; dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz; 2) dan. “buyur”, “başla”, “elə”, “et”; 3) dan. təəccüb bildirən nida.
buxarı is. – divar içində hörülmüş ocaq.
cazibə is. – 1) cisimlərin bir-birini özünə cəzb etməsi xassəsindən ibarət fiziki hadisə; 2) məc. insanın könlünü cəzb edən xassə, cəzbedici qüvvə, lətafət.
centlmen is. [ing.] – kübar cəmiyyətin bütün nəzakət qaydalarına və əxlaq normalarına ciddi riayət edən kişi; öz ciddi, zövqlü geyimi, incə davranışı ilə fərqlənən, sözünün yiyəsi olan, nəzakətli, tərbiyəli adam.