Beləliklə, Orucov qardaşları, sözün əsl mənasında, nəşriyyat biznesini müasir səviyyədə qurmuş iş adamları idilər. Onlar bir çox qəzet və jurnalların naşiri kimi çıxış edirdilər.
Orucov qardaşları Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq müəlliflərə qonorar verməyə başladılar. Məsələn, böyük yazıçımız Sabirə hər gün yazdığı taziyanələri üçün ayda on manat qonorar verirdilər.
Dünya və rus ədəbiyyatından tərcümə olunmuş kitablar da nəşriyyatın iş planında müһüm yer tuturdu. Orucov qardaşları bir çox görkəmli yazarların əsərlərini Azərbaycan oxucularına təqdim etmişdilər.
Orucov qardaşlarının mətbəəsi oxucular arasında kitabların təbliği məqsədi ilə vaxtaşırı müxtəlif kitab kataloqları da buraxırdı. Bu kataloqlarda nəşr olunmuş kitablar saһələr üzrə qruplaşdırılırdı. Onların qısa biblioqrafik göstəriciləri və annotasiya ilə siyaһısı dərc edilirdi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən qardaşlar könüllü olaraq öz mətbəələrini müstəqil dövlətin ixtiyarına vermişdilər. Lakin bolşevik-kommunist rejimi hakimiyyətə gəldikdən sonra Orucov qardaşlarının mətbəəsi “milliləşdirmə” adı altında əllərindən alındı.
Sovet hakimiyyəti dövründə Orucov qardaşları təqiblərə məruz qalaraq Bərdəyə, öz doğma kəndlərinə qayıtdılar. Lakin burada da təqibdən yaxa qurtara bilməyən Qənbər və Abuzər 30-cu illərdə dünyalarını dəyişdilər. Böyük qardaş Oruc isə 1954-cü ildə Bərdədə vəfat etmişdir.
“Azərbaycanda nəşriyyat işi” kitabından