Çap üsulunun təkmilləşdirilməsi üçün Qutenberqin digər ixtirası çap prosesinin avtomatlaşdırılması idi. Bu məqsədlə o, bitkilərdən yağ çıxarmaq üçün istifadə olunan adi presi mətbəə dəzgahına çevirdi və onu çap prosesinə uyğunlaşdırdı. Pres kağızı çap formasına möhkəm sıxdığından səhifələrin surətləri çox dəqiq və səliqəli alınırdı. Artıq kağız vərəqin çap formasının üzərinə qoyulub götürülməsi də mexaniki üsulla baş verirdi. Bir səhifənin minlərlə surəti çıxarıldıqdan sonra digər səhifənin çap olunmasına keçilirdi.
Qutenberqin 1445-ci ildə öz mətbəəsində buraxdığı “Bibliya”dan 42 sətirlik bir hissə dünya tarixində ilk çap nümunəsi sayılır.
Qutenberqin ixtirası İohann Faust adlı varlı bir tacirin marağına səbəb olmuşdu. O, Qutenberqə kitab istehsalını genişləndirmək üçün borc vermişdi. Lakin ixtiraçı mühəndis bu borcu vaxtında qaytara bilməmişdi. Buna görə də tacir ona qarşı məhkəmə iddiası qaldırmışdı. Prosesi udan Faust Qutenberqin bütün çap dəzgahlarını müsadirə etdirmişdi. Sonra isə özü mətbəə təşkil etmişdi. Qutenberq öz ixtirasının Avropada necə sürətlə yayıldığını, başqalarının bu işdən necə varlandığını kədərlə seyr etməli olmuş, maddi ehtiyaclar içərisində vəfat etmişdi.
Artıq 1500-cü ildə İtaliyada 100, İspaniyada isə 30 çap dəzgahı işləyirdi.
XVIII əsrin sonlarında qəzet və kitablara olan tələbat o qədər artmışdı ki, əllə hərəkətə gətirilən çap maşınları artıq bu tələbatı ödəyə bilmirdi. Saksoniyalı mühəndis-çapçı Fridrix Köniq 1814-cü ildə buxarla işləyən ilk çap dəzgahını işə saldı. Buxar mühərrikli maşınla saatda 1000 səhifə çap olunurdu ki, bu da əvvəlki dəzgahla müqayisədə dörd dəfə çox idi.
1866-cı ildə avtomatik yığım dəzgahı – linotip ixtira edildi. Çap olunacaq mətn çap makinasında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər və sətirlər səliqəli intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması çap işini xeyli sürətləndirdi.
Müasir dövrdə çap işi görünməmiş səviyyədə təkmilləşdirilmiş və poliqrafiya adlanan sənaye sahəsinə çevrilmişdir.
İxtiralar və kəşflər” kitabından