***
Azərbaycanda yalnız hökmdar saraylarında deyil, bir çox mədrəsələrdə də kitabxanalar var idi. Belə tədris ocaqlarından biri də Şamaxı mədrəsəsi idi. 1637-ci ildə məşhur alman alimi Adam Oleari Azərbaycanın bir sıra yerlərində, o cümlədən üç ay Şamaxıda olmuşdu. O, qeydlərində buradakı mədrəsələrdən birini təsvir edərək yazırdı ki, bu binanın çoxlu girişləri və otaqları var. Bir neçə yerdə böyüklərin və uşaqların əllərində kitab gördük. Məlum oldu ki, bura mədrəsədir, yəni gimnaziya və ya akademiya kimi bir yerdir. Bunlardan Səfəvilər dövlətinin ayrı-ayrı yerlərində bir neçəsi var və hər birində zəngin kitabxana fəaliyyət göstərir. Müəllimlərin və tələbələrin tədris və mütaliə ədəbiyyatına olan ehtiyacını da, ilk növbədə, həmin kitabxanalar ödəyir. Bundan başqa, kitab satan dükanlar da az deyil. Tələbələr arasında pulu kitaba xərcləmək yeməyə xərcləməkdən üstün tutulur.
Təəssüf ki, bir çox elm və təhsil ocaqları kimi, kitabxanalarımız da müxtəlif dövrlərdə yadellilər tərəfindən talan olunmuş, məhv edilmişdir. 1235-ci ildə monqollar Gəncəni işğal etdikdən sonra bir çox mədəni abidələr kimi, Gəncə kitabxanaları da yerlə-yeksan oldu. Akademik Ziya Bünyadov “Azərbaycan Atabəyləri dövləti” kitabında yazır ki, erməni qriqorian kilsəsinin havadarları Qarabağa soxularaq bir çox mədəni abidələri, o cümlədən qədim Bərdənin nəhəng kitabxanasını vəhşicəsinə yandırmış, külünü Tərtər çayına tökmüşlər. Bununla belə, Azərbaycanda həmişə elmə, ədəbiyyata və onların daşıyıcısı olan kitaba böyük hörmət, sevgi olmuşdur.
Aynur Xanlarqızı