Kitabxanada görülən işlər haqqında Cəfər Təbrizinin Herat hakiminə vaxtaşırı yazılı hesabat verməsi orta əsrlərin kitabxana tarixində ən maraqlı səhifələrdəndir. Fars dilində yazılmış həmin hesabatlardan biri hazırda İstanbulun Topqapı sarayı muzeyindədir.
Herat kitabxanasında surəti çoxaldılan xeyli kitabın üzünü Cəfər Təbrizinin özü köçürmüşdü: Nizaminin “Xəmsə”si, Sədinin “Gülüstan”ı, Firdovsinin “Şaһnamə”si, “Kəlilə və Dimnə” və s. Bu kitablar һazırda İstanbul, Teһran və başqa şəһərlərin kitabxanalarında saxlanılır.
Cəfər Təbrizinin başçılıq etdiyi kitab emalatxanasında 40 nəfərdən çox sənətkar çalışırdı. Onların arasında öz istedadı ilə seçilən Kəmaləddin Behzad da var idi. 28 yaşlı Behzad 1484-cü ildə Herat kitabxanasına müdir təyin edildi. Şah İsmayıl Heratı alandan sonra Azərbaycanın bir çox sənət adamları ilə birlikdə Behzad da Təbrizə köçüb Səfəvi kitabxanasına başçılıq etmişdi. Burada onunla yanaşı, məşhur Azərbaycan xəttatı Şah Mahmud Nişapuri də çalışırdı. Onun dəstxəti ilə yazılmış bir çox kitablar hazırda Şedrin kitabxanasında (Sankt-Peterburq), Britaniya muzeyində, Parisin Milli Kitabxanasında saxlanılır. Şah Mahmud Nişapuri həm də şair olmuş, bir sıra qəzəllər, qəsidələr, rübailər yazmışdır.
Şah İsmayıl Xətai istedadlı sənət adamlarına yüksək qiymət verirdi. Tarixi mənbələrdə deyilir ki, Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Behzadı və digər saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə bir mağarada gizlətmişdi. “Kim bilir, bəlkə, müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi... Sizin hifzinizi Allaha tapşırdım”, – deyərək Sultan Səlimlə döyüşə getmişdi. Döyüşdən məğlub qayıdan Şah İsmayıl, ilk növbədə, sənətkarları gizlətdiyi yerə getmiş, onları sağ-salamat görüb Allaha şükür etmişdi. 1514-cü il Çaldıran döyüşündən sonra Azərbaycandan Türkiyəyə üç min kitab ustası aparılmışdı.
XVI əsrin ən görkəmli rəssamı və kitab mədəniyyətimiz tarixində misilsiz xidmətləri olan Sultan Məhəmməd də Şah İsmayılın kitabxanasında işləmiş və onun oğlu Təhmasibə rəssamlıq sənətinin sirlərini öyrətmişdir. Sonralar saray kitabxanasının müdiri və baş rəssamı vəzifəsində çalışan Sultan Məhəmmədin əsərləri dünya kitab sənətinin qızıl fonduna daxil olmuşdur. O, Firdovsinin “Şahnamə”sinə, Hafizin “Divan”ına, Nizaminin “Xəmsə”sinə misilsiz rəsmlər çəkmişdir. Onun bu nadir yaradıcılıq nümunələri dünyanın ən məşhur muzey və kitabxanalarında saxlanılır. “Keçmiş və hazırkı rəssamlar” əlyazmasında Sultan Məhəmməd dünya rəssamlıq tarixindən bəhs edir. Müəllifin hələ də çap üzü görməmiş bu məşhur əsəri bu gün İstanbulun Topqapı sarayının kitabxanasında saxlanılır.