Addımlarını inamla atırdı. Elə bil gözəgörünməz bir qüvvə onu minalanmış sahədən salamat keçirirdi. Susuzluqdan yanan kol-kosa, tez-tez rast gəldiyi xırdaca təpəciklərə sinə-sinə gedirdi. Düşmən səngəri lap yaxınlıqda idi.
On-on beş addım da irəli sürünüb düşmən səngərinə atıldı. İyirmi iki ilin qəzəbi, nifrəti qollarına toplanmışdı. Səs olmasın deyə avtomatı işə salmadı. İlk qarşısına çıxan altı nəfəri döyüş bıçağı ilə məhv etdi. "Can Vətən!" - deyib Azərbaycan bayrağını torpağa sancdı və səngərdən çıxdı. Fikri düşmənin kazarmasına girib əsgərlərin arasında çaxnaşma salmaq idi. Oraya tərəf irəlilədi. Birdən ona elə gəldi ki, iyirmi min şəhid onun ardınca gedir. Qanlı köynəklərini bayraq kimi başlarının üzərində yelləyirlər. Bir əli ilə ağır pulemyotu qaldırıb düşmənin üstünə güllə yağdırdı.
Düşmən gecənin bir aləmində bu bəlanın haradan gəldiyini hələ də kəsdirə bilmirdi. Qəfil hücum onu karıxdırmışdı. Elə bilirdi ki, üstünə böyük bir dəstə gəlib. Erməni əsgərlər təntiyib bir-biri ilə atışırdılar. Sonra özlərini ələ aldılar. Bərabər olmayan qüvvələr arasında döyüş bir neçə saat çəkdi.
Qan-tər içində idi. Dayanmadan atəş açırdı. Yerini tez-tez dəyişirdi. Güllə atmaqdan biləyi ağrıyırdı. Ovcunun içi də bərk göynəyirdi. Amma indi yalnız döyüşmək, intiqam almaq haqda düşünürdü.
Saat beşdə Mübariz geri çəkildi. Düşmən onu tələyə salmaq istəyirdi. O isə Allahdan çox yox, bir-iki dəqiqə də möhlət istəyirdi. İstəyirdi ki, xalqına düşmən kəsilmiş bu mənfurlardan bir neçəsini də o dünyaya göndərsin.
Düşmən əsgərlərinin ayaq səslərini aydınca eşidirdi. Yoldan çıxıb yerə yıxılmış tənək dirəyinin yanında ayaq saxladı, əllərini Allahın dərgahına açdı: “Bismillahir-rəhmanir-rəhim... Ey böyük Allah, bu günə şükür, arzumu ürəyimdə qoymadın. Günahım varsa, bağışla, Tanrım! Allahım, şəhidliyimi qəbul et! Vətən sağ olsun!”
Ayaq səsləri yaxınlaşırdı. O, diri tutulmağına imkan verə bilməzdi. Mübariz avtomatı bərk-bərk sinəsinə sıxdı. Hələ bir-iki gülləsi vardı. Amma bu an qəfildən atəş açıldı. Düşmən gülləsi onun sol böyründən və başından dəydi. Arxası üstə çevrildi. Güclə: “Vətən sağ olsun!” – deyə bildi. Dağlar əks-səda verdi: “Vətən sağ olsun!”
İyirmi min şəhid Mübarizin bədənini tərk eləyən qəhrəman ruhunu götürüb göylərə çəkildi.
Mustafa Çəmənli
Söz ehtiyatı
“Xaniman”, “illah”, “sinmək”, “kazarma”, “kəsdirə bilməmək”,
“dərgah” söz və ifadələrinin mənasını kontekstə görə izah etməyə
çalışın.