1949-cu il noyabrın 7-si Azərbaycanın neft tarixinə həmişəlik yazıldı. Bu, dünya neft tarixində də fövqəladə bir hadisə idi. Həmin gün dərinliyi 1000 metr olan 1 saylı quyu güclü fontan vurdu. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki “Qara daşlar” adı Neft daşları ilə əvəzləndi. Neft daşları gündən-günə böyüyür, genişlənir, quyuların sayı artırdı. Dünyada ilk dəfə olaraq polad dayaqlar üzərində dəniz yolları – estakadalar quruldu, ümumi uzunluğu 300 kilometrə çatdırıldı. Estakadalar Neft daşlarını qəsəbəyə çevirdi. Bu qəsəbəyə xas həyat tərzi, sosial-məişət münasibətləri yarandı. Burada neftçilərin yeni nəsli yetişdi, formalaşdı, təşəkkül tapdı.
Neft daşları Xəzərdə neft ehtiyatlarının gələcəkdə daha geniş, daha dəqiq tədqiqinin əsasını qoydu. Sonralar Türkmənistan, Qazaxıstan, Dağıstan sularında kəşf edilib istismara verilən neft yataqları da Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neft daşlarında hazırlıq keçmiş mütəxəssislərimiz öz zəngin təcrübələrini keçmiş SSRİ-nin bütün bölgələrində, ... Bolqarıstanda, Vyetnamda, Hindistanda, Braziliyada, Pakistanda və başqa ölkələrdə yaydılar.
Neft daşlarının 1999-cu ildə keçirilmiş 50 illik yubileyində ümummilli liderimiz Heydər Əliyev dəniz neftçilərinə ünvanladığı təbrikdə Neft daşlarını “XX əsrdən XXI əsrə atılmış bir körpü” adlandırmaqla bu dəniz şəhərinin böyük gələcəyinə inamını ifadə etmişdi.
Bu gün dünyanın səkkizinci möcüzəsi adlandırılan “Neft daşları” – Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə, dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində, dəniz səthindən bir neçə metr hündürlükdə salınan, Azərbaycanın şərqində ən sonuncu yaşayış məntəqəsi olan əfsanəvi dəniz şəhəri – yurdumuzu dünyaya tanıdan unikal məkanlardan biridir.
Nazim Rza İsrafiloğlunun
“Odlu məmləkət” kitabından