Xəzərin dibində neftin olması qədim vaxtlardan məlum idi. Bir çox tarixçilərin, səyyahların əsərlərində dəniz səthi üzərində mazutlu daşların görünməsi, suda qaz qabarcıqlarının çıxması təsvir edilmişdi. Dənizin həmin hissəsinin “Qara daşlar” adlandırılması da məhz bununla əlaqədar idi. Yerli sakinlər su üzərinə yayılmış nefti vedrələrlə yığıb istifadə edirlərmiş. Sakit, küləksiz günlərdə dənizə yanan bir kağız düşəndə həmin yer bir an içində alova bürünərmiş. Gecələr bu mənzərə daha cazibədar olurmuş. Bayram günlərində və ya hörmətli qonaqlar gələndə bu möcüzəli atəşfəşanlıq məxsusi nümayiş etdirilər, hamını heyrətləndirərdi.
Hələ XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybət körfəzində dənizin sahilə yaxın hissəsində qazılmış quyudan neft çıxarılmışdı. Neftin dənizdən sənaye üsulu ilə hasilatı isə ötən əsrin 20-ci illərindən başlamışdı. Həmin illərdə Bibiheybət dağının sökülüb körfəzə doldurulması qoca Xəzəri addım-addım, qarış-qarış geri çəkilməyə, öz yerini gələcək neft mədənlərinə verməyə məcbur etdi. Dənizdən qoparılmış sahədə neft buruqlarının sayı sürətlə artırdı. Buradakı quyular gələcəkdə açıq dənizdə neft hasilatı üçün, bir növ, sınaq meydançasına çevrildi. Tezliklə dənizin dibində də neft aşkar olundu və taxta özüllər quraşdırmaqla neft quyuları qazıldı.