Səhər tezdən hərbi komendantın ilk “rəsmi” məlumatlarını höccələyə-höccələyə efirə oxuyan da, yəqin, həmin şəxs idi.
Həmin günlər efirdə yalnız kədərli musiqilər səslənir və hərbi komendantın məlumatları oxunurdu...
* * *
Faciənin ertəsi günü güclü bir etiraz səsi dünyanı lərzəyə gətirdi. O dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək faciə ilə bağlı sərt bəyanat verdi. Bu, xalqımızın dahi oğlu tərəfindən atılmış çox cəsarətli addım idi. Çünki yüksək vəzifələrdə çalışmış görkəmli siyasətçi o dövrdə xüsusi idarələrin nəzarəti altında idi və ona hər an sui-qəsd ola bilərdi.
Ulu öndər öz çıxışında bu vəhşiliyi qətiyyətlə pislədi, onun törədilməsi səbəblərini açıqladı, cinayətin təşkilatçılarının adlarını bütün dünyaya bəyan etdi. SSRİ rəhbərliyini tənqid atəşinə tutan Heydər Əliyevin çıxışı radio ilə bir çox ölkələrə yayıldı. Bəyanat bu sözlərlə bitirdi: "Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır".
Heydər Əliyevin bu bəyanatı sanki bütün Azərbaycan ziyalıları və namuslu dövlət xadimləri üçün bir çağırış oldu. Yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı. Sessiya yanvarın 22-də dünyanın bütün ölkələrinin parlamentlərinə və Birləşmiş Millətlər Təşkilatına müraciət qəbul etdi. Müraciətdə sovet dövlətinin Azərbaycan xalqına qarşı təcavüzü kəskin şəkildə pislənirdi. Azərbaycan deputatları dünya ictimaiyyətini xalqımıza dəstək olmağa səsləyirdilər.
1990-cı ilin qanlı 20 yanvar gecəsində Azərbaycanın bir çox mübariz oğul və qızları şəhid oldu. Lakin onların qanı yerdə qalmadı. 20 Yanvar Azərbaycanın müstəqilliyinə doğru gedən yolda dönüş nöqtəsi oldu.
Qulu Məhərrəmli