Yayım apardığı 64 il ərzində Azərbaycan radiosu ilk dəfə idi ki, efirə vaxtından yarım saat əvvəl, özü də himnsiz, diktor elanı, “Danışır Bakı” sədaları olmadan çıxırdı. Əvvəlcə bir uğultu gəldi, efiri xışıltı bürüdü, qırıq-qırıq səslər eşidildi. Sonra kimsə kal səslə mikrofona məlumat oxumağa başladı.
Yad səslə oxunan məlumat 20 Yanvar gecəsində Bakıda baş vermiş qanlı hadisələrin mahiyyətini yalanlarla ört-basdır edir, sovet ordusunun törətdiyi vəhşiliklərə bəraət qazandırmağa çalışırdı. İnsanların sovet imperiyasına nifrətini daha da coşduran bu səs Bakıda fövqəladə vəziyyət elan olunduğunu bildirirdi. “Diktor” hərbi komendant Dubinyakın əmrlərini oxuyur, əhalini evlərdə oturub küçələrə çıxmamağa çağırırdı.
Bir neçə saat əvvəl Azərbaycan televiziyasının enerji bloku partladılmış, televiziya susdurulmuşdu. Bakı qırğınını planlaşdıran hərbçilər yalnız radio ilə istədikləri məlumatları yayırdılar.
20 Yanvarın acı səhəri bəd xəbərlər püskürürdü: yüzlərlə insan öldürülmüş, itkin düşmüş, yaralanmış, həbs olunmuşdu. İşğal olunmuş şəhər yas içində idi, şaxtalı, sazaqlı, tutqun havadan sanki ağır bir kədər yağırdı. İnsanlar nə axtardıqlarını özləri də bilmədən, məyus halda qan tökülmüş küçə və meydanları gəzib-dolaşırdılar. Hamı hüznlü və eyni zamanda qəzəbli idi. Nəqliyyat işləmirdi. Yalnız ağır tanklar mərkəzi küçələrdə öz bədheybət tırtılları ilə yolları oyaraq sağa-sola cövlan edirdi.
Səhər tezdən radioya işə gələn əməkdaşlar avtomatla qarşılandılar. Bütün studiyaların qarşısında üz-gözlərindən zəhrimar yağan rus əsgərləri keşik çəkirdilər. Artıq radionun diktor otağı da zəbt olunmuş və burada hərbi senzor fəaliyyətə başlamışdı. Senzor bəyan etmişdi ki, hələlik diktorlara ehtiyac olmayacaq, materialları efirə özləri oxuyacaqlar. Hərbçilər arasında Azərbaycan dilində danışanlar – sapı özümüzdən olan baltalar da var idi. Xüsusi canfəşanlıq göstərən bir praporşik də belələrindən idi.