Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə modal sözlər deyilir: Əlbəttə, toplantıya gedəcəyəm. Bəlkə də, toplantıya gedəcəyəm.
Birinci cümlədən məlum olur ki, danışan toplantıya mütləq gedəcək. İkinci cümlədə isə o, toplantıya gedəcəyinə əmin deyil. Cümlədə bu münasibəti yaradan “əlbəttə”, “bəlkə də” modal sözləridir.
Doğrudan (da), əlbəttə (ki), güman (ki), deyəsən, yəqin (ki), bəlkə (də), əvvəla, nəhayət, ümumiyyətlə, beləliklə, heyif (ki), təəssüf ki, sanki, elə bil (ki), guya (ki), məncə, zənnimcə və s. dilimizdə ən çox işlənən modal sözlərdir.
Cümlələrdə altından xətt çəkilmiş sözlərdən asılı olaraq danışanın öz fikrinə münasibətini müəyyən edin.
A. O, uzun axtarışlardan sonra, nəhayət, istədiyinə nail oldu.
B. Hekayə çox maraqlı idi, sanki təcrübəli müəllif yazmışdı.
C. Şübhəsiz, biz bu istiqamətdə işimizi davam etdirməliyik.
D. Heyif ki, bir az gec gəldin.
E. Məncə, hər işin öz vaxtı olmalıdır.
Ə. Bütün gördüklərim, olmaya, yuxu imiş.
Yəqinlik bildirir. A B C D E Ə
Güman, şübhə bildirir. A B C D E Ə
Təəssüf bildirir. A B C D E Ə
Nəticə ifadə edir. A B C D E Ə
Bənzətmə bildirir. A B C D E Ə
Fikrin mənbəyini bildirir. A B C D E Ə
Nöqtələrin yerinə müvafiq modal sözləri yazmaqla cümlələri köçürün.