Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi və “Məhəmmədhəsən xan divanxanası” adlandırıldığı xəbər verilir.
* * *
Şəki Xan sarayı üzü cənuba baxan ikimərtəbəli binadır. Binanın bir cərgədə yerləşən üç hissəsi bir-birindən dəhlizlə ayrılır. Mərtəbələrin quruluşu eynidir.
Bura yolu düşən hər bir şəxsi, ilk növbədə, heyrətə gətirən, ..., binanın fasadındakı şəbəkə pəncərə və qapılardır. Dünyada analoqu olmayan bu şəbəkələr çox xırda həndəsi fiqurlardan ibarətdir. Şəbəkəni yaradan ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geydirilmişdir. Hər bir kvadratmetrdə orta hesabla 5000, mürəkkəb yerlərdə isə 14000 ağac və şüşə element vardır. Rəngli şüşələrdən düşən işıq divarlarda və döşəmədə əks olunaraq əlvan şəbəkə kölgələri yaradır. Ən maraqlısı isə odur ki, şəbəkələrin hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə yapışqandan, nə də mismardan istifadə edilib.
Binanın daxilində həndəsi və nəbati naxışlara, quş şəkillərinə, süjetli rəsmlərə – döyüş və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli, ornamentli şəbəkələrlə işlənib. Otaqların divarları ilə yanaşı, tavanını da incə naxışlar bəzəyir.
* * *
Şəki Xan sarayının memarı şirazlı Hacı Zeynalabdin olmuşdur.
Divar rəsmləri XVIII əsrdə yaradılsa da, sonralar dəfələrlə bərpa edilib. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılıb. Burada şuşalı usta Qəmbərin, şamaxılı ustalar Əliqulu və Qurbanəlinin, rəssam-nəqqaş Mirzə Cəfərin adlarına rast gəlmək mümkündür. Divarlardakı kitabələrdən məlum olur ki, həmin sənətkarlar XlX əsrin sonunda binada işləmişlər.
XVIII əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı isə, ..., bunların içində qeyd edilməyib. İkinci mərtəbənin tavanındakı təsvirdə usta Abbasqulunun adı yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur.