Həsən bəy gülümsündü:
– İclasdan sonra qalın, bir şey fikirləşərik.
Səlim iclasdan sonra Həsən bəyə yaxınlaşdı. Maraq dolu nəzərlərlə ona baxdı. Həsən bəy soruşdu:
– Sən, deyəsən, tələbəsən?
– Bəli, qiyabi oxuyuram.
– Yəqin ki, evdə kompüterin var?
– Əlbəttə.
Həsən bəy ayağa qalxıb kitab rəfinə yaxınlaşdı. Qalın bir kitabı götürüb Səlimə uzatdı:
– Bu, aforizmlər kitabıdır. Xoşuna gələn aforizmləri seç, kompüterə köçür. Sonra onları çap elə. Hər müştərinin torbasına bir aforizm qoy. Yadında saxla: işə yaradıcı yanaşma ona öz imzanı atmaq deməkdir.
...Bir həftə keçdi.
Həsən bəy supermarketi gəzir, satıcılara göz qoyurdu. Ət şöbəsinin yanından keçəndə satıcı ilə alıcının söhbətini eşitdi:
– Zərifə xanım, bu gün xüsusilə gözəl görünürsünüz. Elə bil arıqlamısınız.
– Doğrudan? – şişman qadın sevinclə soruşdu.
Həsən bəy gül şöbəsinə yaxınlaşdı. Burada işləyən iki qız saplağı qırılmış gülləri bir qaba yığırdı.
– Qızlar, bunları nə edirsiniz? Birdən satarsınız ha!
-Yox, Həsən bəy. Bunları müştərilərin uşaqlarının yaxalarına taxırıq. Elə sevinirlər ki!
Bu zaman başqa bir işçi müdirə yaxınlaşdı:
- Həsən bəy, qonşu binada bir qoca yaşayır. Heç kimi yoxdur. Neçə gündür ki, xəstədir. İcazə verin, onun ərzağını evinə çatdırım. Pulunu gətirib kassaya ödəyərəm.
– Əlbəttə, qızım, xeyirxah iş görmüş olarsan.
Bu zaman kassada işləyən qızlardan birinin səsi gəldi:
-Xahiş edirəm, o biri kassaya keçin. Orada növbə yoxdur.
Buna cavab olaraq növbədə duranlardan biri dilləndi:
– Kim istəyirsə, keçsin. Mən Səlimin kəlamlarından almaq istəyirəm.
Həsən bəy razı halda kabinetinə sarı yollandı: "Hərənin öz imzası var. Deməli, hər şey öz qaydasındadır..."
Rafiq Ələkbəroğlu